XƏBƏR

Ginekoloq: "Ana bətnindəki körpə üçün koronavirus 12 həftəyə qədər riskə çevrilə bilər"

date 3 Noyabr 2020

Ginekoloq: "Ana bətnindəki körpə üçün koronavirus 12 həftəyə qədər riskə çevrilə bilər"

“Bətndəki körpə üçün koronavirus 12 həftəyə qədər riskə çevrilə bilər. Tək koronavirus infeksiyası yox, digər respirator viruslar, qrip də hamiləliyin sözügedən dövrü üçün riskli hesab olunur. Çünki 12 həftəyə qədər dölün orqanları formalaşır və istənilən xəstəlik ona kənar təsir göstərə bilər”.

e-tibb.az xəbər verir ki, bunu mama-ginekoloq Nərmin Məmmədzamanlı lent.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, belə bir hal yaşanarsa, hamilə daimi nəzarətdə saxlanılır: "Ultrasəs müayinələr davamlı aparılır və döl normal olarsa, hamiləlik saxlanılır. Əks halda isə abort üçün göstəriş verilir. Qrip hallarında olduğu kimi koronavirus infeksiyasına yoluxan zaman əmizdirmə prosesi təhlükəsiz və mümkündür. Burada əsas şərt ananın temperaturunun 38.5-dən yüksək olmamasıdır".

Həkim deyib ki, hamiləlik planlama zamanı indiki problemlər nəzərə alınmalı və mütləq immunitet gücləndirilməlidir: “Nəzərə alınmalıdır ki, hamiləlik dövründə qadının immun sistemi zəifləyir və müxtəlif infeksiyalara açıq, həssas olur. Ona görə də həkimin məsləhətlərinə qulaq asmaq vacib və mütləqdir. Bununla yanaşı əhval-ruhiyyə də yüksək tutulmalıdır. Çünki sitress birbaşa immuniteti aşağı salan faktorlardan biridir”.

Ginekoloq onu da bildirib ki, doğuş paketinə artıq koronavirus analizi daxil edilib. Doğuş və ya qeysəriyyə üçün müraciət edən analar daim nəzarətdə saxlanılır, yanlarına başqa şəxslər buraxılmır və gigiyenik qaydalara maksimum diqqət edilir.

Həkim onu da qeyd edib ki, dünya praktikasında koronavirusa yoluxub sağalan şəxslərin dünyaya gətirdiyi körpələrdə heç bir problem görülməyib və onlar sağlam olublar: “Ancaq xüsusi vurğulamaq lazımdır ki, burada əsas hamilə qadının xəstəliyi necə keçirməsidir. Çünki ananın infeksiyanın ağır və ya yüngül formasını keçirməsi vəziyyəti dəyişə bilər. Bundan çox şey aslıdır”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR