XƏBƏR

Genetik diaqnostika üçün Azərbaycandan kənara müraciət etməyə ehtiyac qalmayacaq

date 23 May 2019

Genetik diaqnostika üçün Azərbaycandan kənara müraciət etməyə ehtiyac qalmayacaq

Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi işə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Konqres Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunub. Səhiyyə Nazirliyinin, Heydər Əliyev Fondunun, Talassemiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konqresin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur, mərkəz Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilib.

2009-cu ildən istifadəyə verilən mərkəzin bu xəstəliyə düçar olan şəxslərin müalicəsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramları və sərəncamlar əsasında ötən müddətdə Talassemiya Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilib.

Mərkəzin icraçı direktoru bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında “Talassemiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə laboratoriyaları ilə təchiz olunmasına dair” imzaladığı Sərəncam çərçivəsində artıq müasir avadanlıqlar alınıb və yaxın zamanda mərkəzdə bu cihazların quraşdırılması prosesi başa çatacaq. Bununla da Talassemiya Mərkəzi nəinki ölkəmizin, eləcə də regionun ən müasir genetik diaqnostika mərkəzi olacaq və genetik diaqnostika üçün respublikamızın hüdudlarından kənara müraciət etməyə ehtiyac qalmayacaq.

Profili və genetik diaqnostika imkanları üzrə regionda xüsusi yeri olan Talassemiya Mərkəzi elmi araşdırma və hematoloji xəstəliklərlə mübarizə sahəsində əlaqələri artırmaq məqsədilə bir sıra ölkələrlə iş birliyinə başlayıb. Beynəlxalq əlaqələr çərçivəsində xarici ölkələrin aparıcı mütəxəssislərinin Talassemiya Mərkəzinə səfərləri, birgə elmi toplantılar, elmi-praktik seminarlar, eləcə də yerli mütəxəssislərin müasir mərkəzlərdə uzunmüddətli kursları təşkil edilir.

V. Hüseynov görülən işlərin hematoloji xidmətin müxtəlif sahələrinin inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin ənənə halını aldığını bildirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə daim diqqət yetirdiyini deyən komitə sədri irsi qan xəstəlikləri ilə mübarizədə görülən işlərdən, qəbul olunan dövlət proqramlarından danışıb. O, nikahdan əvvəl icbari müayinənin irsi qan xəstəliklərinin azalmasında rol oynadığını diqqətə çatdırıb. Komitə sədri gələn il yanvarın 1-dən ölkə ərazisində tətbiq olunacaq icbari tibbi sığortanın bu xəstəliklərin müalicəsinə töhfə verəcəyini vurğulayıb. Ə.Əmiraslanov hematologiya sahəsində gen səviyyəsində elmi tədqiqatlar aparıldığını, genişmiqyaslı proqram hazırlandığını qeyd edib.

Beynəlxalq Talassemiya Federasiyasının sədr müavini Maykl Anqastiniotis, Türk Elmlər Akademiyası – TÜBA-nın təmsilçisi Taner Demirer, Türk Hematologiya Dərnəyinin sədri Hayri Özsan, Koç Universiteti Xəstəxanasının professoru Burhan Fərhanoğlu çıxış edərək Azərbaycanda qan xəstəlikləri ilə mübarizədə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Tədbirdə 22 ölkədən 939 nəfər qonaq iştirak edir. Konqres mayın 25-dək bölmə iclasları ilə davam edəcək.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR