XƏBƏR

"Ən zəif yerimiz ürəyimizdir"- Türkiyəli professor ürək-damar xəstəliklərinin səbəblərini AÇIQLAYIB

date 13 Dekabr 2019

"Ən zəif yerimiz ürəyimizdir"- Türkiyəli professor ürək-damar xəstəliklərinin səbəblərini AÇIQLAYIB

“Dünyada ölüm səbəbi olaraq birinci yerdə ürək-damar sistemi xəstəlikləri durur. Azərbaycanda da ürək xəstəliklərindən ölənlər çoxdur”.

e-tibb.az-ın  xəbərinə görə, bunu bu gün Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında damar cərrahiyyəsi ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyənin məşhur damar cərrahı, professor Yusuf Kalko deyib.

Onun sözlərinə görə, Azərbaycanda vəziyyət Türkiyə ilə eynidir: “Azərbaycanlılar da bizim kimi əti çox sevir və çox siqaret çəkir. Bununla bağlı ürək-damar xəstələrinin sayı çoxdur”.

O, ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının artma səbəblərindən danışarkən bunları da açıqlayıb: “İnsanlar həm siqaret çəkir, həm şəkərli diabet xəstəsidir, həm yüksək təzyiqləri var, həm də qidalanmaya fikir vermir, yağlı qidaları çox yeyirlər. Qadınlarda daha çox menopauza dövründə ürək xəstəliklərinə rast gəlinir. Qadınlarda qadın hormonu onları menopauzaya qədər qoruyur.

Kişilərdə bu problemlər daha çox stress keçirmə və siqaret çəkməklə bağlı yaranır. Bundan başqa, kişilər qadınlar kimi özlərinə çox diqqət etmirlər. Biz güclüyük deyə düşünürük ki, ürəyimiz də güclüdür. Halbuki ən zəif yerimiz ürəyimizdir”.

Mütəxəssis vurğulayıb ki, ürək xəstəlikləri ilə bağlı əlamətlər qəfil ortaya çıxır, yeriyərkən döş qəfəsində ağrı yaranır: “Bu əlamət dayanan kimi keçsə də, sonra yenə başlayır. Bu, əslində ürəyin damarlarının tutulmasının əlamətidir. Qarşısı alınmayanda infarkta gətirib çıxarır”.

Professor bildirib ki, bütün dünyada damar xəstəliklərindən əziyyət çəkənlər  artmaqdadır. Həmçinin ürək qan-damar sistemi xəstəliklərinə səbəb olan şəkərli diabet xəstəliyi də geniş yayılmaqdadır. Onun sözlərinə görə, hazırda dünyada qeydə alınan 350 milyon şəkərli diabet xəstəsi var. Amma bir sıra hallarda şəkər gizli inkişaf edir, insanlar bundan xəbərsiz olur.

Son illər tütün istifadəçilərinin sayının artdığını deyən həkim bu səbəbdən damar xəstələrinin sayının artdığını bildirib: “Türkiyədə hər il 150 min insan beyin insultu keçirir. Türkiyə 80 milyon, Azərbaycanda isə 10 milyon əhali var. Deməli, Azərbaycanda da hər il 15 min insan insult keçirir. 15 min insanın min nəfərini həyata qaytara bilsək, bu, yaxşı göstərici olar. Çünki beyin damarlarında yaranan problemi bir neçə saat içində aradan qaldırmaq lazımdır. Bir neçə saat içində problemi tapıb, damardakı problemi aradan qaldıra bilməsək, beyin cərrahları işə qoşulur”.

Y. Kalko bildirib ki, artıq 10 ildir ki, tıxanmış damarları açmaq üçün yeni hibrid üsulu tətbiq olunur.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR