XƏBƏR

Elektron siqaretin tərkibində nə var? - XƏBƏRDARLIQ

date 31 May 2019

Elektron siqaretin tərkibində nə var? - XƏBƏRDARLIQ

Nikotin alkoqoldan 15 qat, kokaindən 5 qat artıq asılılıq yaratmaq qabiliyyətinə malikdir.

20 il gündə bir qutu siqaret çəkmək insan orqanizmində 7 kiloqram qətranın toplanmasına gətirib çıxarır.

e-tibb.az ONA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 31 May - Dünya tütünlə mübarizə gününə həsr olunan "Tütünü yox, sağlamlığı seçin" adlı konfransda Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin həkimi Dilarə Baxşəliyeva deyib.

Siqaretin zərərləri haqqında məlumat verən həkim bildirib ki, siqaret bir çox xəstəliyə səbəb olur: “Hazırda dünyada ölümə səbəb olan əsas vasitələrdən biridir. Ən böyük xərçəng yaradıcı vasitələrdən biri  siqaretdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ən çox yayılmış xərçəng növü ağ ciyər xərçəngidir ki, bunun da əsas səbəbi siqaret alışqanlığıdır. Ağ ciyər xərçəngindən ölən xəstələrin onundan doqquzu siqaret çəkir. Siqaret saç, diş tökülməsinə, kataraktaya, dəri qırışlarına, ürək-damar xəstəliklərinə də səbəb olur. Buna görə də, Ümumdünya Səhiyyə Təşkilatı siqaret alışqanlığını xəstəlik adlandırır. Bu da çox ciddi müalicə tələb edən xəstəlikdir”.

Bildirilib ki, siqaret çəkmə yaşı əksər ölkələrdə 12 yaşa düşüb: "Bu gün ölkəmizdə də siqaret çox bahalı məhsul deyil, bu da onun geniş yayılmasına gətirib çıxarır. Statistika göstərir ki, siqaretdən ilk dəfə istifadə edən 4 insandan üçü siqaret aludəçisinə çevrilir. Siqaret çəkənlərin isə 67 faizi siqareti buraxmaq istəyir. Gündə 10 ədəddən az siqaret çəkənlərin arasında isə siqareti buraxmaq istəyənlər daha azdır".

Elektron siqaretlərin zərərindən danışan həkim onu da əlavə edib ki, yanlış təsəvvürə görə, elektron siqaretlər siqareti tərgitməyə kömək edir: "Əslində elə deyil, elektron siqaretin tərkibində tütün dumanı ilə eyni olan kimyəvi maddələr var. Onun zərəri siqaretlə eynidir və siqareti tərgitməyə qətiyyən təsir etmir".

Konfrans daha sonra məruzələrlə davam edib.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR