XƏBƏR

Dondurmanı necə saxlamaq lazımdır?

date 27 May 2019

Dondurmanı necə saxlamaq lazımdır?

Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq keyfiyyətini tez itirə bilir. Dondurma etiketində qeyd olunmuş temperaturda saxlanılmalıdır.

e-tibb.az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaydığı məlumatda bildirilib.

Dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda -18 dərəcədən yüksək olmayan temperaturda saxlanılmalıdır. Bu temperaturda südlü dondurmalar 1 ay, meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay, plombir dondurmalar 2 ay saxlanıla bilər.

Saxlanma temperaturunda dəyişikliklər olduqda dondurmalarda mikrobioloji proseslər başlayır və istehlakı orqanizm üçün təhlükəli hesab edilir.

İstehlakçılar keyfiyyətli və təhlükəsiz dondurmanı müəyyən etmək üçün öncə onun xarici görünüşünə diqqət yetirməlidirlər. Belə ki, məhsulun qabı əzilmiş olmamalı, üzərində kəsmiyə bənzər, quma bənzər köpüklü əlamətlər olmamalıdır. Bu kimi əlamətlər dondurmanın isti temperaturda saxlanmasından və yenidən dondurulmasından xəbər verir.

Dondurma həssas qida məhsulu olduğu üçün kənar təsirlərə tez məruz qalır. Buna görə də onu digər ərzaq məhsulları (toyuq, balıq, ət məhsulları və s.) ilə eyni soyuducuda saxlamaq düzgün deyil.

Əgər dondurmanı yedikdə acılıq hiss olunarsa, o deməkdir ki, hazırlanmasında kərə yağı əvəzinə, bitki yağlarından istifadə edilib.

Küçə və parklarda açıq şəraitdə satılan dondurmaları alan zaman məhsulun saxlanma şəraitinə xüsusi diqqət yetirilməli, satıldığı yerdə sanitariya qaydalarına nə dərəcədə əməl olunduğuna fikir verilməlidir.

Dondurmalar üzərinə birbaşa günəş şüaları düşən yerdə satılmamalıdır.

Gün ərzində 300 qramdan artıq dondurma yeyilməsi məsləhət görülmür. Dondurmanın ardıcıl, çox yeyilməsi damaq badamcıqlarının iltihabına səbəb ola bilər.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR