XƏBƏR

DİQQƏT: Bakıda müşahidə olunan hava kimə necə təsir edə bilər?

date 17 Yanvar 2019

DİQQƏT: Bakıda müşahidə olunan hava kimə necə təsir edə bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı bir neçə gün əvvəldən məlumat yayıb və tibbi-meteoroloji xəbərdarlıq edib.

Nazirliyin tibbi-meteoroloji xəbərdarlığında bildirilir ki, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə düşəcəyi gözlənilir.

Havanın belə kəskin dəyişməsi əhali, xüsusən də meteohəssas insanlar üçün çox əlverişsizdir. Meteohəssas insanlar ürək-damar və bronxial astma xəstəliklərindən əziyyət çəkənlər sayılır. Ürəyin işemik xəstəliyi, arterial təzyiqi yüksək olan insanlar hava dəyişikliklərinə daha çox həssas olurlar. 

Bu barədə e-tibb.az-a danışan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, kardioloq Rafiq Yusifli deyir ki, hava şəraitinin kəskin dəyişməsi - küləyin sürətinin artması, atmosfer təzyiqinin dəyişməsi xüsusən yaşlılara, o cümlədən sağlam, yaxud da müxtəlif xəstəlikləri olan şəxslərə təsirsiz ötüşmür: “Hava dəyişikliyi, əsasən, hipertoniya, ürək-damar sistemi, ürəyin işemik xəstəliklərindən əziyyət çəkən insanların səhhətlərin pisləşməsinə səbəb olur. Bakı havasında yüngül küləyin sürəti və rütubətin artmasının çox ciddi təsirləri müşahidə olunur. Ürək-damar sistemi xəstəliyindən əziyyət çəkən xəstələrin kəskin hava dəyişiklikləri zamanı, əgər vacib işləri yoxdursa, mütləq şəkildə evdə qalmaları məsləhət görülür. Çünki belə hava şəraitində qan təzyiqinin qalxması, ürək döyüntülərinin, xüsusən ürəyin işemik xəstəliklərindən olan stenokardiya tutmalarının artması, hipertonik krizlərin başvermə ehtimalı çox yüksəkdir. Ona görə də belə xəstələrin ev şəraitində qalmaları, həkimlərin onlara yazdıqları qan təzyiqi, damar genişləndirici, qan laxtalanmalarını azaldan dərmanları qəbul etmələri, pəhriz qaydalarına ciddi riayət etmələri tövsiyə olunur”.

Həkimin sözlərinə görə, təhlükəli hava şəraitində küçədə idman etmək, qaçmaq, xüsusilə üzü küləyə getmək ürək xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

R. Yusifli qeyd edib ki, sağlam şəxslərin də kəskin hava şəraitində mümkün qədər ev şəraitində qalmaları məsləhət görülür: “Sağlam insanların qida qəbul edib, tox halda küçəyə çıxması və yol getmələri məsləhət deyil. Yaşı 50-ni ötən potensial xəstələr - şəkəri olan, qan təzyiqindən əziyyət çəkənlərdə xoşagəlməz halların baş vermə riski də çox yüksəkdir. Təbii ki, kəskin hava şəraiti bir müddət sonra düzələcək. İnsanlar özlərində baş verən narahatlıqlarla bağlı ilk növbədə həkimə müraciət etsələr, daha yaxşı olar”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR