XƏBƏR

Dildə ərpin yaranması nədən xəbər verir?

date 1 Oktyabr 2020

Dildə ərpin yaranması nədən xəbər verir?

Dildə ərp yaranması çoxlarına tanış olan haldır. Bir çoxlarımız buna adi hal kimi yanaşsaq da, bəziləri ərpi hansısa xəstəliyin əlaməti kimi qəbul edir. Bəs tibdə ərplə bağlı yanaşma necədir? Ərp nədən yaranır və nəyin əlamətidir? 

e-tibb.az xəbər verir ki, dermatoloq, uzman həkim Mehdi İskəndərli bildirib ki, dilin ərp bağlaması problemi ağız boşluğu xəstəlikləri arasında önəmli yer tutur. Dildə ərp yaranması ciddi diskomfort yaradan bir patologiyadır. Əksərən asimtpomatik olan bu problem bəzi şəxslərdə dildə yanma, göynəmə və ağrı hissi də verə bilər.

Onun sözlərinə görə, dilin ərplənməsi həm daxili, həm də xarici səbəblərdən yaranır: "Siqaret və spirtli içki qəbul edənlərdə alkoqolun və nikotinin yerli təsirindən dil ərplənməsi baş verə bilər. Ağız boşluğunun ümumi gigiyenası pozulmuş insanlarda bir çox ağız boşluğu xəstəlikləri yarana bilər. Dilin ərp bağlaması bunlardan biridir. Spritli içki qəbulu, tütün məmulatları, diş fırçalamasına diqqət etməyənlərdə ağız boşluğu gigiyenası pozulduğu üçün dilin üstündə ağ təbəqə yarana bilər. Lakin, dildəki ərpin rəngi hər zaman ağ rəngində olmur. Dildəki ərp sarı, qəhvəyi, hətta qara rəngdə də ola bilər. İntensiv şəkildə qəhvə və çay qəbul edənlərdə dil ərpi daha tünd tənglərdə olur. Dilin üstündəki ərp ikincili bakteriyal və funqal infeksiyalara bağlı olaraq daha qalın, daha tünd və qoxulu ola bilər". 

Dermatoloq qeyd edib ki, dilin ərp bağlaması daxili xəstəliklərin, immun çatışmzlığı sindromlarına bağlı da yarana bilər. Bəzi genetik irsi xəstəliklər sadəcə, dilin üstündən deyil, ağız boşluğunun digər nahiyələrində də ağ ərp yarana bilər.

Mütəxəssis bildirib ki, bəzi sistemik virus infeksiyalarından sonra da dildə ərp yarana bilər. COVID-19 xəstəliyi keçirən bir çox insanlarda dad və qoxu itkisinə əlavə olaraq dilin ərp bağlaması da müşahidə edilib.

M. İskəndərli vurğulayıb ki, dilin üstündəki ərp bir çox hallarda geri dönən prosesdir, lakin ağız boşluğunda ağ ərp problemi bəzi hallarda konservativ müalicələr ilə düzəlmir. Bəzi hallarda dilin ağ ərpləri prekanseroz hallardan xəbər verir. Yəni, dildə ağ təbəqə zamanında müalicə edilmədiyi halda ağız boşluğunun bədxassəli şişinə çevrilə bilər. Dermatoloq, ağız boşluğunda ağ ərp görən pasientlərin zamanında dermatoveneroloqa müraciət etmələrini tövsiyə edib: "Onun mənşəyi təyin edilməli, diaqnozu qoyulmalı və vaxtında çarəsinə baxılmalıdır".

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR