XƏBƏR

COVID vaksinləri iki mərhələdə vurulacaq: İlkin olaraq risk qruplarında olanlar peyvəndlənəcək

date 16 Yanvar 2021

COVID vaksinləri iki mərhələdə vurulacaq: İlkin olaraq risk qruplarında olanlar peyvəndlənəcək

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanacaq.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Qeyd olunub ki, Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib.  Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq”.

Qeyd olunub ki, bir insana iki doza vaksin lazımdır. Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür.

Ş. Mövsümov deyib ki, ikitərəfli qaydada “Sinovac” şirkətinin regional nümayəndəliyindən 4 milyon doza “CoronaVac” vaksini alınacaq: “Azərbaycana bu vaksinin az bir hissəsi gətirilib, istehsal edildikcə mərhələ-mərhələ gətiriləcək. Çoxtərəfli COVAX platforması çərçivəsində isə əhalinin 10 faizini əhatə edən səviyyədə - 1 milyon insan üçün 2 milyon doza vaksin alınacaq. Bizim əlavə 10 faiz də vaksin almaq, yəni bu göstəricini 20 faizə çatdıraraq 2 milyon insan üçün vaksin almaq imkanımız var”.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək.

T. Musayev deyib ki, strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır: “Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və  ölüm hallarının azaldılmasıdır”.

COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:

1-ci mərhələ

- Səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər. 

Nazirlik təmsilçisi bildirib ki, hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib: "Vaksinlər adətən, iki mərhələdə vurulur. Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir”. 

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, ölkəmizdə hələ 8-9 milyon insan var ki, koronavirusa yoluxmayıb. Risk qrupunda olan, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaltmaq üçün vaksinasiya lazımdır: “Qeydiyyata düşən, yüngül keçirənlər və s. nəzərə alınsa, ən çox 1 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər. 8-9 milyon insan isə xəstəliyə yoluxmayıb, onların içərisində risk qrupları var. Ona görə vaksinasiya lazımdır”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR