BLOQ

COVİD-19-a qalib gəlmək üçün bunlar da vacibdir-HƏKİMDƏN TÖVSİYƏLƏR

date 29 Mart 2020

COVİD-19-a qalib gəlmək üçün bunlar da vacibdir-HƏKİMDƏN TÖVSİYƏLƏR

"Bu gün COVİD-19 -a qarşı mübarizə tədbirlərindən ən əsası evdə qalmaqdır. Evdə qalsaq da, fiziki passiv olmaq olmaz. Virusdan qorunmaq üçün həm də hər kəs günlük həyat tərzini düzgün seçməli, idman, qida və yuxu rejimini düzgün planlaşdırmalıdır".  

Bunu həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva bildirib.

e-tibb.az mütəxəssisin fiziki aktivliklə bağlı tövsiyələrini təqdim edir:

Aristotel “Uzunmüddətli fiziki hərəkətsizlik qədər insanın məhvinə səbəb olan başqa bir şey yoxdur", deyib. XVIII əsrdə yaşamış fransalı həkim Tissonun sözləri də yerinə düşür: "Hərəkət, təsirinə görə demək olar ki, bütün dərmanları əvəz edə bilər, lakin dünyanın bütün dərmanları hərəkətin təsirini əvəz edə bilməz".

Sağlamlığın qorunması üçün sutkalıq hərəki fəallıq vacibdir.

 

Hərəkətin və fiziki fəallığın sağlamlıq üçün rolunu belə qruplaşdırmaq olar:

 

- Patogen mikroorqanizmlərin və ətraf mühitin əlverişsiz amillərinin təsirinə orqanizmin qeyri-spesifik davamlılığını artırır, nəticədə xəstələnmələrin azalmasına səbəb olur,
- İstilik tənzimi reaksiyalarının güclənməsi nəticəsində soyuqdəymə xəstəliklərinə qarşı orqanizmin davamlılığını artırır,

- orqanizmin normal iş qabiliyyəti təmin edilir,
- Baş-beyin qabığı tonusunun artması və müsbət emosiyaların yaranması ilə ruhi sağlamlığın mühafizəsi və möhkəmləndirilməsinə səbəb olur.

Fiziki aktivlik qeyri-infeksion xəstəliklərin (şəkərli diabet, ürəyin işemik xəstəlikləri və s.) profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.

Fiziki passivlik nəticəsində nə baş verir?


-Fiziki aktivliyin olmaması və ya az olması dünyada ölümə səbəb olan risk faktorları arasında 4-cü yeri tutur.

-Dünyanın böyük yaşlı əhalisi arasında hər üç nəfərdən biri fiziki passivdir.
 -Fiziki passivlik səbəbindən hər il 3.2 milyon insan həyatını itirir.
-Fiziki passivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin (yəni yoluxucu olmayan xəstəliklərin) yaranmasının əsas risk faktorlarından biridir.

Fiziki aktivliyin çatışmazlığı aşağıdakı qeyri-infeksion xəstəliklərin əsas yaranma səbəblərindən biridir:


• süd vəzi və yoğun bağırsaq xərçəngi (21–25% hallarda)
• şəkərli diabet (27% hallarda)
• ürəyin işemik xəstəliklərinin (30% hallarda)

Hərəkət azlığı "hipokineziya" və ya "hipodinamiya" adlanır.
Hərəki fəallıq məhdudiyyətinin davam etməsi patologiya (xəstəlik) qabağı vəziyyətlərin inkişafına gətirib çıxarır. Bu vəziyyətin səciyyəvi əlamətlərinə uşaqlarda tədricən onurğa əyilmələri, yaxındangörmə, həzm sistemi problemləri aiddir.

Bu halda müxtəlif xəstəliklər inkişaf edir, bir sıra xəstəliklərin isə əsası qoyulur. Məlumdur ki, inkişaf dövründə sklet və əzələlər düzgün formalaşmırsa, nəinki dayaq və hərəkət funksiyaları, həmçinin vegetativ funksiyalar - qan dövranı, tənəffüs, həzm, ifrazat və nəsil artırma funksiyaları da pozulur. Hərəki fəallığın azalması əsas mübadilə səviyyəsinin, arterial qan təzyiqinin enməsinə, əzələ kütləsinin, qan plazmasının həcminin və eritrositlərin sayının azalmasına səbəb olur.

Bəs bunun qarşısını necə almaq olar? 

Əlbəttə, ilk növbədə, gündəlik rejimin düzgün qurulması mühüm əhəmiyyət daşıyır. İndiki halda evdə, açıq eyvanda da idmanla məşğul olmaq olar. Fiziki aktivliyin səmərəliliyi qanın oksigenlə zənginləşməsi, oksigenləşdirmə proseslərinin və toxuma tənəffüsünün yaxşılaşdırılması, üzv və toxumalarda yerləşmiş reseptorlardan gələn impuls sellərinin baş-beyin qabığına və qabıqaltı törəmələrə olan tonuslaşdırıcı təsiri ilə əlaqədardır.
İdman və ya rəqs, evdə fiziki işlə məşğul olmaq, təmiz hava hərəki fəallığı artırır.
Saatlarla hərəkətsiz oturub tv izləmək, kompüter və s. istifadəsi, normadan artıq yuxu rejimi sağlamlığa böyük zərər vura bilər.

Və ən vacib məqam: Qida rejiminə əməl edin. Yaddan çıxarmaq olmaz ki, ki, yağlı qidalar və çox şirniyyat yemək immun sistemini zəiflədir.

Pozitiv olun, musiqi dinləyin! Özünüzü və ətrafınızı sevin!  

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR