BLOQ

Cərrahlar güclü, terapevtlər zəif həkimdi?

date 16 Mart 2019

Cərrahlar güclü, terapevtlər zəif həkimdi?

Bizim ölkəmizdə həkimlik deyəndə, yaxşı həkim deyəndə, "güjdü" həkim deyəndə ağıla ancaq cərrahiyə gəlir. Yəni sanki terapevt zəif həkimdi.

Ümumiyyətlə, hər şeyi, hər kəsi müqayisə edib dərəcələndirməyi, səviyyələrə bölməyi sevirik.

Cərrahiyyədən də anladığımız budur: əməliyyatdan sağ çıxıbsa, deməli, həmin həkimə heykəl qoymaq olar. "Filankəsin əli yüngüldü". Artıq uşağın qızdırması olanda da ona aparırıq, qadın xəstəliyini də, sətəlcəmi də.

Yəni o cərrahın nəzəri biliyi önəmli deyil. Zatən iki dənə atalar sözümüz var:

1. Həkiminki əsas praktikadı.

2. Həkim gərək birinci növbədən psixoloq olsun.

Həkimin nəzəri biliyə ehtiyacı yoxdur ki, yəni o əməliyyatdan əvvəl diaqnozun düz ya səhv qoyulması, taktikanın düzgün seçilməsi önəmli deyil. Sadə desək, o əməliyyata ehtiyac var idi, yox idi, heç yada da düşmür.

Hər "havam çatmır" deyənə "zob" diaqnozu qoyub, hər qəbizliyə "bağırsaq uzanması", hər beli ağrıyana "qrıja" deyib əməliyyat edənlər xalq qəhrəmanı kimi dillərə dastan olur.

Əziz insanlar, əli yaxşı işləyib, yaxşı ət kəsənə bizim dildə qəssab deyirlər. Həkim-cərrah xəstəyə düzgün diaqnoz qoymalı, müalicə taktikasını düzgün seçməli, əməliyyatdan öncəki və sonrakı dövrü düzgün aparmağı da bilməlidir.

Həkimin vəzifəsi xəstəyə faydalı olmaqdır, nə olursa-olsun kəsib-doğrayıb venaya iynə-"sistem" eləmək deyil.

Faydalı olmağın tək yolu əməliyyat deyil. Sizə diaqnoz qoyub, dərmanla və ya dərmansız müalicə edən həkim-terapevt ən az cərrah qədər güclü və yaxşı həkimdir. Hətta sizi əməliyyatsız sağalda bildiyinə görə cərrahdan da bir addım öndədir.

Terapevtlərin, pediatrların, nevroloqların, psixiatrların dəyərini bilək. Öz işinin terapevtik tərəfini yaxşı bilən, konservativ müalicəni, xəstəyə yanaşmanı, göstərişləri yerli-yerində tətbiq edən cərrahları təqdir edək.

Həkimə yolumuz düşməsin. Düşəndə də bunları bilək.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR