XƏBƏR

Bu virus əsasən tənəffüs yolları, ağciyərlər, mədə-bağırsaq sistemində problem yaradır - İnfeksionist RƏYİ

date 16 Yanvar 2020

Bu virus əsasən tənəffüs yolları, ağciyərlər, mədə-bağırsaq sistemində problem yaradır - İnfeksionist RƏYİ

“Koronaviruslar 1965-ci ildə kəşf olunan viruslardır. Bugünədək onların təxminən 37 növü haqqında məlumatlar yayılıb və araşdırılıb. Bu virusun bir sıra növləri isə yüngül xəstəliklərə səbəb olur. Bu növlər Azərbaycanda da olub. Mövsüm ərzində kəskin respirator virus infeksiyalarının 9-10 faizə qədəri elə koronavirusların payına düşür. Ancaq Azərbaycanda təsadüf ediləcək növlərin elə bir ciddi təhlükəli fəsadı olmur”.

e-tibb.az xəbər verir ki, bunu lent.az-a müsahibəsində Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Mütəxəssis bildirib ki, koronaviruslar hava-damcı yolu ilə keçməklə yanaşı, əlimizlə, qidalarla yoluxma mexanizminə malikdirlər. Bu viruslar xarici mühit şəraitinə davamsızdırlar. Çünki onlar 56 dərəcədə ani olaraq, 37 dərəcədə isə 15 dəqiqə müddətində tələf olurlar. Bu virus dezinfeksiyaedicilərə qarşı da çox həssasdır. Əlimizi davamlı sabunla yusaq, onlar tezliklə tələf ola bilirlər.

Onun sözlərinə görə, bu virus növlərinin törətdiyi xəstəliklər əsasən yuxarı tənəffüs yollarında və ağciyərlərdə (bronxit və pnevmoniya), ya da mədə-bağırsaq (qastroenterit) sistemində yaranırlar. Ancaq xəstəlik yüngül, qısa müddətdə keçdiyi üçün əksər hallarda sağalma ilə nəticələr. Bundan başqa, sözügedən xəstəliklər daha çox uşaqlar arasında olur. Virus uşaqlarda özünü əksər vaxtlarda qastroenterit tipində, az hallarda respirator infeksiya kimi, böyüklərdə isə əksər hallarda respirator infeksiya kimi göstərir.

C. İsayev koronavirusların müalicəsində simptomatik müalicədən istifdaə olunduğunu da vurğulayıb.

Bəs xəstəlik ciddi fəsadlara səbəb ola bilərmi?

Həkim deyib ki, koronavirusların bəzi növləri ağır olur: “Məsələn, 2012-2013-cü illərdə Yaxın Şərqdə olan xəstəliyin növünün törədicisinin dəvələr olması aşkar edilmişdi. Xəstəlik isə dəvələrə qulluq zamanı insanlara keçirdi və yayılırdı. Virusun bu növünə tutulan şəxslərin 30-35 faizində ölüm halları qeydə alınırdı.

Xəstəliyin Yaxın Şərqdə yayılmasına baxmayaraq, Amerikada, Türkiyədə, Almaniyada, Böyük Britaniyada, Fransada və digər ölkələrdə də az olsa da müşahidə olundu. Buna səbəb Yaxın Şərqdə gedərək qayıdan şəxslərin xəstəliyə yoluxmaları olub”.

İnfeksionist qeyd edib ki, Çində yayılan xəstəliyin Azərbaycanda da yayılması ehtimalı azdır. Ancaq bu hal Çinə gedən və ya Çindən qayıdan vətəndaşlar vasitəsilə ölkəyə gələ bilər. Ona görə yoluxma halları ehtimalı azdır. Çünki bu xəstəlik sıx əlaqə vasitəsilə keçə bilir.

Qeyd edək ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Səhiyyə Nazirliyi Çində yeni koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair tövsiyə verib.  

Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, ötən il dekabrın 31-də Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub.  9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.

Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR