XƏBƏR

Bu genetik anomaliyalı uşaqlar hər ailədə doğula bilər...

date 21 Mart 2020

Bu genetik anomaliyalı uşaqlar hər ailədə doğula bilər...

21 mart bürtün dünyada Beynəlxalq Daun sindromu Günü (World Down Syndrome Day) kimi qeyd olunur.

e-tibb.az xəbər verir ki, Beynəlxalq Daun sindromu günü ilk dəfə 2006-cı ildə Cenevrə Universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palma de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyaların təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.

Günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini həmin problemə yönəltmək, maarifləndirmə tədbirlərinin aparılmasına şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları problemə diqqət ayrılması üçün bir sıra tədbirlər görürlər.

Hesab olunur ki, daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar.

21 Mart - Beynəlxalq Daun Sindromu Gününün qeyd olunması ilə bağlı rəsmi qərar isə 2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib.

Daun sindromu onu 1866-cı ildə ilk dəfə təsvir etmiş ingilis həkimi Con Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Beynəlxalq Daun sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq Beynəlxalq Daun Sindromu Günü martın 21-də qeyd olunur.

Daun genetik anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər.  Daun sindromlu bütün uşaqlar - oğlanlar və qızlar eyni əlamətlərlə doğulur. Onların səhhətində bir sıra problemlər - eşitmə və görmə zəifliyi, mədə - bağırsaq sistemində pozuntular, ürək qusurları, əqli inkişaf geriliyi müşahidə olunur.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR