XƏBƏR

Böyrəyi zədələyən 4 əsas faktor: Qeysəriyyə əməliyyatı ilə doğulanlar üçün risklər

date 14 Dekabr 2020

Böyrəyi zədələyən 4 əsas faktor: Qeysəriyyə əməliyyatı ilə doğulanlar üçün risklər

Əgər gecələr sidiyə çıxırsınızsa, bu, böyrəyinizdə problem olduğuna dəlalət edə bilər. Şişkinliyiniz varsa, təzyiqiniz yüksəkdirsə, qanazlığınız varsa, sidiyiniz köpüklənirsə, bunlar da böyrək xəstəliyinin ilk əlamətləri sayılır.

e-tibb.az xəbər verir ki, bunu Türkiyədən olan nefroloq, professor Sedat Üstündağ deyib. Nefroloq bildirib ki, böyrək xəstəlikləri insanın həyat tərzini pozan xəstəliklərin başında gəlir. Böyrək xəstəliklərinin o qədər də əlamət vermədiyini deyən mütəxəssis bu xəstəliklərdən əziyyət çəkənlərin ilbəil artdığını açıqlayıb.

Onun sözlərinə görə, qeysəriyyə əməliyyatları ilə doğulanlar da böyrək xəstəliklərinin inkişafı baxımından risk qrupuna aiddirlər. Həkim bildirib ki, bu əməliyyatla vaxtından əvvəl doğulanlar ən azı şəkərli diabet və hipertoniya xəstələri kimi risk daşıyır.

Mütəxəssis deyib ki, şəkərli diabet böyrək xəstəliyinin əsas səbəbidir. İkinci əsas səbəb yüksək təzyiqdir. Həkim vurğulayıb ki, ana və döllə bağlı həyati təhlükə olmadığı halda vaxtından əvvəl aparılan qeysəriyyə əməliyyatları uşaqlarda böyrəyin inkişafının ən böyük düşmənidir. Çünki bu halda doğulanlarda böyrəyin fəaliyyət göstərən hüceyrələri yenilənmir. Az sayda və zəif böyrək hüceyrəsi ilə doğulmaq isə gələcəkdə böyrək xəstəliyinin inkişafında hipertoniya qədər önəmli bir yer tutur.

Professor onu da deyib ki, böyrək xəstəliklərinin əhəmiyyətli səbəblərindən biri də çoxlu ağrıkəsici və buna bənzər dərmanların həddindən artıq istifadəsidir. Dərmanların böyrək quruluşunu zədələdiyini söyləyən S. Üstündağ, qeyd edib ki, xüsusilə 30-70 yaş arası qadınlarda bu hal çox yaygındır. Bu, böyrək çatışmazlığına səbəb olan vacib bir vəziyyətdir.

Professorun sözlərinə görə, bir insan ömrü boyu 1 kiloqram ağrıkəsici dərmanı istifadə edərsə, böyrəyi zədələyir, 2-3 kiloqram istifadə edərsə böyrək çatışmazlığı yaradır:

“Gündə 500 milliqram ağırlığında yalnız bir ağrıkəsici dərmanı içirsinizsə, bu ildə 200 qrama yaxınlaşır. 5 ildə isə həmin kritik dəyər aşılır”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR