XƏBƏR

Bəzi kardioloji dərmanlar psixi pozuntulara təkan verir

date 17 Yanvar 2020

Bəzi kardioloji dərmanlar psixi pozuntulara təkan verir

"Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır".

e-tibb.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib.

F. İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi" mövzusunda elmi-praktiki konfransda bildirib ki, bəzi kardioloji preparatlar psixi pozuntuların yaranmasına təkan verir: "Məsələn, aritmiyaya qarşı preparatlar 100 faiz depressiya yarada bilir. Əgər infarkt olan xəstədə psixi pozuntular varsa, o, dərmanları zamanında içməyəcək, müalicə rejiminə əməl etməyəcək ki, bunun da nəticəsi pis olacaq.

Yaş artdıqca həm psixi, həm də kardioloji problemlər daha da artır. Dünyada olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır".

Mərkəz rəhbəri vurğulayıb ki, psixi xəstəlikdən əziyyət çəkərlərin qeydiyyatını aparmaq mümkün deyil: "Biz psixi xəstələri qeydiyyata salmırıq, çünki bu, Konstitusiyamıza ziddir. Mərkəzə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil".

Direktorun sözlərinə görə, psixi xəstələrin stiqmaları olur. Onlar psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun onların sonrakı fəaliyyətinə təsir edəcəyini düşünürlər: "Amma buna baxmayaraq, əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb ki, bu da müsbət haldır".

Mərkəz direktorunun sözlərinə görə, kardioloji xəstələrin 30 faizində depressiv hallar müşahidə edilir. Amma ilkin şikayətlər depressiya ilə bağlı olmur: "Ürəkdə ağrı ilə bağlı müraciət edirlər və bu, depressiv xəstələrə xasdır. Kardioloqlar xəstələrində tez-tez depressiv əlamətlər görürlər. Bununla belə onlar xəstələrinə intiharla bağlı suallar vermirlər. Amma depressiyanın intiharla əlaqəsi var. İiki qrup xəstələr var ki, onlarda daha tez-tez kardioloji problemlər müşahidə olunur: Birinci qrup şizofrenik xəstələrdir. Onlar adi insanlardan 10 il daha az yaşayırlar. Onlar intihar etmədikləri halda kardioloji problemlərdən ölürlər. İkinci qrup isə yaşlı pasiyentlərdir. 50 yaşdan sonra insanlarda həm kardioloji, həm də psixoloji problemlər çox olur. Onlara xüsusi diqqət və yanaşma lazımdır".

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR