REPORTAJ

“Bəzi analizləri xaricə göndəririk" - LABORATORİYADAN REPORTAJ

date 26 Dekabr 2018

“Bəzi analizləri xaricə göndəririk" - LABORATORİYADAN REPORTAJ

“Bizim laboratoriyada analizlər ən son texnologiya və metodlar istifadə edilməklə yerinə yetirilir. Yəni ABŞ-da, Avropada, Türkiyədə, Rusiyada insanlara hansı laboratoriya xidmətləri göstərilirsə, biz də eynən həmin xidmətləri göstəririk”.

Bunu Mərkəz Neftçilər Xəstəxanasının (MNX) laboratoriya şöbəsinin müdiri, biokimyaçı həkim-laborant Eldar Əliyev deyir.

MNX-nın laboratoriyası 2900-ə yaxın test parametrləri ilə vətəndaşlara xidmət etməkdədir. Qan alma, məlumat, xəstə dinləmə, bakteriologiya, mikroskopiya, PZR, qan qazı və digər otaqlardan ibarət olan laboratoriya həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, laboratoriyada qanalma xidmətlərinin bir neçə yerdə həyata keçirilməsi xəstə sıxlığını aradan qaldırır.

Hazırda laboratoriyada PZR analizləri, mikroskopiya, hemostaz, bakteriologiya, hematologiya, biokimyəvi, immunologiya, mikrobiologiya, molekulyar biologiya, molekulyar mikrobiologiya və s. test-analizləri aparılır. Uyğun görüldükdə və tələb olduqda, evdə qan alma xidməti də göstərilir. Analizlər ya burada aparılır, ya da təcrübədə olduğu kimi, digər ölkələrə - Türkiyəyə, İngiltərəyə, ABŞ-a, Fransaya da göndərilir.

Xarici ölkələrə, əsasən, orqan transplantasiyası, xüsusən, böyrək köçürülməsi və spesifik genetik test-analizləri yollanır.

Laboratoriyanın reaktivlərin hamısını Avropadan və ABŞ-dan alınır.

Bəs, laboratoriyada göstərilən xidmətlərin qiymətləri vətəndaşların maddi vəziyyətlərinə uyğundurmu? E. Əliyevin sözlərinə görə, xidmətlər Azərbaycanda istənilən kateqoriyadan olan insanlar üçün sərfəli hesab oluna bilər.  

Ölkə insanının həmişə analizlərin nəticəsi ilə bağlı müəyyən qayğıları olur. Laborator analizlərin verilməsi qaydaları əslində necə olmalıdır? Sanki Eldar həkimin yaralı yerinə toxunuruq. O deyir ki, laboratoriyaya gələn adamın ilk sualı belə olur: “Analizlərin nəticələri doğrudurmu?”

- Biz burda ona görə oturmuşuq ki, analizləri doğru şəkildə aparaq. Çünki bu, ilk növbədə insan sağlamlığı, eyni zamanda bizim reputasiyamıza birbaşa təsir edən məsələdir. Prianalitik, analitik və postanalitik testlər var. Xəstə ilk növbədə, laboratoriyaya gəldikdə qidalanma rejiminə nəzarət etməli, həkimin tapşırdığı zamanda analiz verməlidir. Bu bizim üçün çox önəmlidir. Məsələn, şəkər xəstəsi yemək yeyib gəlib analiz verirsə, onun şəkəri təbii ki, yüksək çıxacaq. Buna nəzarət xəstənin özündən asılıdır. İnsanlar bilməlidirlər ki, qan səhər ac qarına, axırıncı qida qəbulundan 8-16 saat vaxt keçdikdən sonra verilməlidir. Su qəbulu analizlərə təsir etmir. Qan analizindən 1 gün öncə alkoqol qəbulundan, yüksək fiziki gərginlikdən çəkinmək lazımdır. Rentgenoqrafiya, rektal müayinə və fizioterapevtik prosedurlardan sonra isə bəzi qan analizlərini vermək olmaz.

Laboratoriyada analiz zamanı, bənzər ad qarışıqlığını əngəlləmək üçün də önəmli tədbirlər görülüb. Xəstələrin analizləri kodlaşdırılır, bu kodlar sayəsində ad, soyad və ata adı eyni olan xəstələrin nəticələrini belə fərqləndirmək mümkün olur. Laboratoriyadakı müvafiq cihazlar da bu kodları avtomatik tanıyır. Beləliklə, xəstənin kodlaşdırılması zamanı meydana çıxa biləcək problemlər aradan qaldırılır.

Hə, gəldik əsas məsələyə - atalıq və narkotik testlərinə. Şöbə müdiri bildirir ki, əgər insanın tələbi varsa, onlar həmin tələblərə uyğun olaraq müvafiq tövsiyələr verirlər, lakin birbaşa bu işlə məşğul olmurlar:

- Biz sadəcə, insanları atalığın müəyyən edilməsi ilə bağlı hara müraciət etmələri barədə məlumatlandırırıq. O ki qaldı narkotik testlərinə, biz narkotik testlərini yalnız işə qəbul məqsədi ilə, bizə göndəriş olarsa, edirik. Əgər narkotik testinin nəticəsi müsbət çıxarsa, daha dərin təhlil aparıb, son nəticəyə qədər gedirik. Yəni, dərhal xəstəyə “sizin analizin nəticəsi müsbət çıxıb”, - demək haqqına sahib deyilik.

Laboratoriyada toplanan qanlar mənfi 20 dərəcə şəraitində saxlanılır. Bəzi analizlər qan alındıqdan 30 dəqiqə sonra, bəzi qan analizləri isə dərhal işlənilməlidir.

Eldar həkim sonda əlavə edir ki, xəstələr bilavasitə problemlərini onlara danışa bilir:

- Biz klinika-laboratoriya-xəstə üçbucağını yaratmışıq. Həkimlərə xəstələrdə aşkarlanan problemlər barədə məlumat veririk. Həkim bizə müraciət edir ki, filan xəstə bu diaqnoza uyğun hansı analizi verə bilər? Bu məsələdə də köməyimizi əsirgəmirik...

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR