XƏBƏR

Baş infeksionist: “Xəstəlik əlamətləri hiss edən kimi təcrid olunaraq həkimə müraciət edək”

date 8 Dekabr 2020

Baş infeksionist: “Xəstəlik əlamətləri hiss edən kimi təcrid olunaraq həkimə müraciət edək”

“Aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yoluxmaların sayı artdıqca, istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyəti ilə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır: “Vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar. Belə məsuliyyətsiz insanlara bir daha demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə, infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizlərin ən əziz insanlarınızı da qurban  seçə bilər. Məhz belə şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq.

 

Gəlin məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və  digərlərinin həyatını risqə atmayaq”. 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR