XƏBƏR

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi başlayıb - VİDEO

date 7 İyun 2019

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi başlayıb - VİDEO

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi öz işinə başlayıb. e-tibb.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən iyunun 9-dək keçiriləcək tədbirin iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Konqres iştirakçıları Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra konqres iştirakçıları Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət ediblər.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 400-ə yaxın yerli, əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək. Bundan başqa, “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin XV Konfransı da təşkil olunacaq.

Tədbir çərçivəsində üç gün müddətində 6 kurs təşkil ediləcək. Kurslar həkimlər, kardioloqlar, kardiocərrahlar, terapevtlər, təcili yardım həkimləri və tibb bacıları üçün təşkil olunacaq. 13-dən çox sessiyada kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən son nailiyyətlər müzakirə ediləcək. Tədbirə 15-dən çox ölkədən, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Rusiya, Türkiyə və İrandan ən aparıcı mütəxəssislər dəvət olunublar.

Tədbirin rəsmi açılış mərasimi isə sabah baş tutacaq.

Xatırladaq ki, 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR