MÜSAHIBƏ

Azərbaycanlılar ən çox hansı ölkəyə müalicəyə gedir? - MÜSAHİBƏ

date 18 Mart 2019

Azərbaycanlılar ən çox hansı ölkəyə müalicəyə gedir? - MÜSAHİBƏ

Azərbaycanda tibbi turizm şirkətləri son illərdə formalaşmağa başlayıb. Sayı o qədər də çox olmayan bu şirkətlərin məramı, gördükləri işlər insanlara o qədər də aydın deyil.

 “Vias Medical Group”un rəsmi nümayəndəsi Xəyalə Mütəllimova e-tibb.az-a müsahibəsində tibbi turizm şirkətləri ilə bağlı bir çox suallara aydınlıq gətirib.

- Xəyalə xanım, xarici ölkələrdə müalicə bir qədər həssas, həssas olduğu qədər də riskli məsələdir. Bununla belə xaricdə müalicəyə gedən insanların sayında bir artım var. İnsanları xaricdə müalicəyə aparan əsas səbəblər nələrdir?

- Xaricdə müalicə olduqca həssas məsələ olduğu üçün, insanlar yalnız zamanın sınağından keçən şirkətlər və xəstəxanalara müraciət etməyə üstünlük verirlər. Qeyd etdiyiniz artımın səbəbi isə müxtəlif faktorlardan - xarici ölkələrdə tibbin inkişaf tempi, yeni müalicə üsullarının kəşfi, sosial-iqtisadi şərait və sair kimi şeylərdən yaranan bir tendensiyadır.

- Xaricdə müalicə üçün niyə məhz tibbi turizm şirkətlərinə müraciət edilməlidir? Tibbi turizmin üstünlükləri nələrdir?

- Tibbi turizm də məhz insanların xaricdə müalicə və müayinəsi ilə məşğul olan bir sahədir. Uzun illər fəaliyyət göstərən tibbi turizm şirkətləri səhiyyə sahəsində geniş bilik və təcrübələrə sahib olduqları üçün xaricdə tibbi xidmət almaq istəyən insanlara hərtərəfli kömək edə bilirlər.

- İnsanlar özləri birbaşa xaricdəki tibb müəssisələrinə müraciət etməklə hər hansı problemlərlə rastlaşa bilərlər?

- Səhiyyə sahəsi yüksək inkişaf etmiş ölkələrdə seçim çoxluğu və yüksək qiymətlərlə üz-üzə qalan insanlar xoşagəlməz hallarla qarşılaşa bilirlər. Məhz buna görə də tibbi turizm şirkətləri hər xəstəliyin müalicəsinə individual yanaşır, xəstəliyə uyğun xəstəxana və həkim seçir, xəstə və həkim arasında ən etibarlı körpü rolunu oynayır. Bütün bunlardan əlavə, ilk müraciətdən etibarən mövcud işlərin asanlaşdırılmasında da tibbi turizm şirkəti böyük təşəbbüs göstərir. Belə ki, biletin sifarişi, viza ilə bağlı yarana biləcək problemlərin qarşısının alınması, hava ambulansı, hava limanında qarşılanma, istəyə görə otel və ya evdə yerləşdirmə, bələdçi və tərcüməçi xidməti də təklif edən şirkətlər sağalma prosesinin sürətlənməsi üçün kompleks tədbirlər görürlər.

- “Vias Medical Group” hansı ölkələrdəki tibb müəssisələri ilə əməkdaşlıq edirsiniz?

- “Vias Medical Group” Türkiyə, Almaniya, İran, İsrail və sair kimi səhiyyə sahəsində böyük uğurlar qazanmış ölkə həkimləri və klinikaları ilə sıx əməkdaşlıq edir.

- Müalicə sonrası pasientlərə sizin şirkət tərəfindən dəstək olunurmu?

- Əlbəttə, söhbət peşəkar turizm şirkətlərindən gedirsə, müalicə sonrası dəstək onların ən əsas qollarından biridir. Belə ki, birbaşa müalicə alıb vətənə qayıdan insanlar fərqli problemlərlə qarşılaşa bilirlər. Həkimdən müayinə üçün görüş alınması, yoxlama analizlərinin həkimə göndərilməsi, dərman və tibbi ləvazimat tədarükü bunlardan bir neçəsidir. Həmçinin də bəzi hallarda həkimlə əlaqə yaratmaq da mümkün olmur. Bu halda insanlar çaşqınlıq yaşayır, sağlamlıqlarını qorumaq üçün hansı yolun daha doğru olduğunu müəyyənləşdirə bilmirlər.

- Bəzən müalicə turlarına da rast gəlirik. İstərdim tibbi turizm və müalicə turlarının fərqini izah edəsiniz.

- Bəli, bir çoxları tibbi turizm dedikdə müalicəvi turlar başa düşür. Lakin bunlar fərqli xidmət sahələridir. Müalicəvi turlar istirahət və müalicəni birləşdirən, adətən 2-3 həftə davam edən turlardır. Bu turlar təbii prosedurlarla pasientin müalicəsini nəzərdə tutur. Müalicəvi kurortların hər biri müəyyən xəstəliklərin profilaktikası üzrə ixtisaslaşır. Pasientin müalicəsinə operativ müdaxilə edilmədiyi üçün bu kimi turlar müalicənin əvəzetməsi demək deyil. Hazırda ölkəmizdə müalicəvi turların ən əsas istiqaməti Borjomi, Yesentuki, Kislovodsk, ölkəmizdə Naftalan və Naxçıvan ərazisində yerləşən kurortlar və s. kimi məkanlardır. Tibbi turizm isə birbaşa klinikalarla işləyir, xəstənin müalicəsini tam şəkildə həyata keçirir. Tibbi turizm şirkəti vasitəsilə sizin xəstəliyinizə dəqiq diaqnoz qoyulur. Daha sonra isə həkim və tibb mərkəzi seçilərək, kompleks şəkildə müalicəsiniz həyata keçirilir.

- Bizim ölkə vətəndaşları daha çox hansı ölkələrin tibbi turizm xidmətlərindən (daha çox hansı xəstəliklərlə bağlı) istifadə edirlər?

- Fərqli müraciətlər olur. Transplantasiya, onkoloji xəstəliklər, müxtəlif ciddi problemlərlə yanaşı estetik prosedurlar üçün də müraciətlərin sayı çoxalıb.

- Tibbi turizm sahəsində ən populyar ölkələr hansılardır?

- Azərbaycanlılar müalicə üçün Türkiyəyə getməyi daha üstün tuturlar - həm məsafə, həm də dil-mədəniyyət yaxınlığı bizim vətəndaşları daha rahat hiss etməsinə səbəb olur. Eyni zamanda İranı da bu mövzuda bizə yaxın edən faktorlar var. İsrail və Almaniya da ən çox seçim edilən ölkələrin siyahısındadır.

- Xarici ölkədə tibbi personalla əlaqənin təmin olunması üçün pasiyentin tərcüməçi tərəfindən müşayiət edilməsi, tibbi sənədlərin xarici dilə və xarici həkimlərin yekun rəylərinin rus və yaxud Azərbaycan dilinə tərcüməsi, viza dəstəyi, müalicə müddətində nəqliyyat xidmətləri, o cümlədən hava limanında qarşılama və yola salınma xərcləri, mehmanxana və s. məsələlər şirkət tərəfindən qarşılanır?

- Bəli, qeyd etdiyiniz bütün prosedurlar şirkətimiz tərəfindən həyata keçirilir. Əsas məqsədimiz, xəstəni əlavə qayğılardan xilas edərək, tez zamanda müalicəsinə start verməkdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR