XƏBƏR

Ayaq baş barmağında çıxıntı, şişkinlik  varsa ...

date 26 Mart 2019

Ayaq baş barmağında çıxıntı, şişkinlik varsa ...

Ayaqların baş barmağında yaranan çıxıntılar çox geniş yayılan problemdir. Ən çox qadınlarda rast gəlinən problem daha çox orta və daha yuxarı yaşlarda özünü göstərir. Amma yeniyetməlik dövründə, gənc yaşlarda da həmin çıxıntıya təsadüf olunur. 

E-tibb.az bununla bağlı ortoped-travmatoloq, uzman həkim Rəşad Zeynalovun bununla bağlı fikirlərini təqdim edir:

Ayaq baş barmağında - daraq sümüyü ilə barmağın başladığı oynaqda yaranan şişkinlik, çıxıntıya halluks valqus (HV) deyilir.

Qadınların 40%-ində bu problem olur. 70% hallarda genetik meyllilik var. Genetik olaraq 1 və 2 daraq sümükləri arasındakı dərəcə çox olduqda müəyyən vaxtdan sonra baş barmaq digər barmaqlara yaxınlaşır. Bu kəskin əyilmə bir çıxıntı olaraq baş barmağın iç tərəfində hiss edilməyə başlanır. Genetik meyllilikdən başqa, uzun müddət topuqlu və önü sivri ayaqqabı geyinənlərdə də problem yarana bilər. Bu səbəblə də bu problemi olanların onundan doqquzu qadındır.

Bu çıxıntı ayaqqabı içində sıxışdıqda dəridə qızartı və ağrı olur. Müəyyən vaxt sonra dəri altındakı bursa-kisədə maye toplanır və ağrı, şişkinlik artır. Bu narahatçılıq uzun müddət davam etdikdə uyğun olmayan oynaq vəziyyəti duzlaşmaya-artroza yol açır. Bu mərhələdən sonra şikayətlər şiddətlənir, dərman və digər konservativ müalicələr faydasız olur. Müalicənin oynaqda duzlaşma əmələ gəlməmiş başlanması müalicənin proqnozunu müəyyən edən ana faktordur. Baş barmaq əyildikcə ikinci barmağın altına  və ya üstünə tərəf yer dəyişdirir

Yeniyetmələrdə halluks valqus - 10-15 yaş arası qızlarda görülür.

Yaşlı insanlarda olan problemdən fərqli olaraq ağrısızdır. Ağrı əmələ gələrsə, aşağıda sadalanan qoruyucu tədbirlər görülməlidir. Bu deformasiya daha yuxarı yaşlarda artacağı üçün uşağın böyüməsi tamamlandıqda əməliyyat məsləhət görülür.

Qoruyucu müalicə

Bu problemi olan xəstələrin böyük bir qismi əməliyyatsız rahatlaya bilər. İlk növbədə  şikayətləri artıran ayaqqabılar bir daha geyinilməməlidir. Xüsusilə dar, sivri burun, 5 sm-dən yüksək topuqlu ayaqqabılar tərk edilməlidir. Ayaqqabı alarkən baş barmaq üstünə təzyiq göstərməyən rahat ayaqqabılar seçilməlidir. Ayaqqabı içində baş barmaq və ikinci barmaq arasında slikon bloklar istifadə etmək kömək ola bilər. Ağrıkəsici və şişkinliyi azaldan dərman preparatları şikayətləri azaldır. Gecələr yatağa girərkən baş barmağa yön verən ortezlərin taxılması əyriliyin artmasının qabağını almağa kömək edir. Bu cür müalicələr şikayətləri azaldır, amma xəstəliyin əmələ gəlməsinə səbəb olan anatomik narahatçılığı ortadan qaldırmır. Yuxarıda qeyd edilən tədbirlər görülməsə, şikayətlər davam edəcək və əyrilik getdikcə artacaq.

Cərrahi müalicə

Sizə əməliyyat lazımdırmı? Konservativ tədbirlər sizin narahatçılığınızı ortadan qaldırmırsa əməliyyat lazım ola bilər. Müasir həyatımızda əməliyyat tələblərini estetik qayğılar və moda ayaqqabılarını geymə məcburiyyətləri artırsa da, aşağıdakı göstərişlərə uyğun əməliyyat daha düzgün olardı:

Günlük aktivliyi məhdudlaşdıran ağrılar

Uzun müddətli, istirahət və dərmanla keçməyən baş barmaqda şişkinlik və qızartı

Baş barmaqda ikinci barmağın yönünü dəyişdirəcək qədər əyilmə

Baş barmaqda sərtlik. Hərəkət məhdudiyyəti

Yaddan çıxarmayın ki, əməliyyat sonrası geyilən ayaqqabı nömrəsi kiçilmir.

Əməliyyat növləri:

Halluks valgusda yüzlərlə əməliyyat növü mövcuddur. Bunların hansının ediləcəyinə həkiminiz qərar verir.

Baş barmaq ətrafında vətər və bağlara edilən əməliyyatlar: Yaxınlaşdırıcı əzələ vətəri uzadılır. Bayır tərəf oynaq kapsulu kəsilir, iç tərəf isə tarım tikilir. Əyriliyin az olduğu vəziyyətlərdə tərcih edilir.

Oynağın dondurulması: Xüsusilə oynaqda duzlaşma mövcuddursa 1. barmaq-daraq sümüyü arasındakı oynaq uyğun vəziyyətdə dondurulur.

Çıxıntının götürülməsi: Baş barmağın iç tərəfindəki sümük çıxıntı alınır.

Oynağın çıxarılması: Aşınmış və deformasiyaya uğramış oynaqlara tətbiq edilir. Yaşlı xəstələrdə xüsusilə tətbiq olunur.

Osteotomiya: Daraq sümüyü müxtəlif səviyyələrdə kəsilir, barmaqdakı əyrilik düzgün hala gətirilir. Hazırda ən çox tətbiq edilən metoddur. Xəstəliyə səbəb olan anatomik deformasiya korreksiya edilir.

Əməliyyat sonrası müxtəlif ağırlaşmalar ola bilər. Bunlardan ən sıx görüləni yara infeksiyasıdır. Bu infeksiya vaxtında müəyyən edilərsə, problemsiz müalicə edilə bilər. Gecikmiş hallarda təkrar əməliyyat lazım olur. Digər ağırlaşmalara əməliyyat zamanı sinirin kəsilməsi ilə əmələ gələn dəri hissiyyatının itməsi, davam edən ağrı, çıxıntının təkrar əmələ gəlməsi, oynaqda sərtlik və s. göstərmək olar. Ümumiyyətlə, yeni texnikanın tətbiqi, təcrübəli cərrah, əməliyyat sonrası uyğun həkim-xəstə ünsiyyəti 98% hallarda problemsiz nəticələrin alınması ilə nəticələnir.

Əməliyyatdan sonra problemlərdən qorunma

Aşağıdakı problemlərlə qarşılaşdıqda dərhal əməliyyat edən həkiminizə müraciət edin.

Sarğınız düşərsə, islanarsa, qan və ya sızıntı ilə kirlənərsə, istifadə edilən dərmanlara qarşı yan təsirlər ortaya çıxarsa, bədən hərarəti yüksələrsə, titrəmə olarsa, yara ətrafında istilik  və ya qızartı yaranarsa, ağrı getdikcə artarsa, diz altında-ayaq üzərində ciddi şişkinlik olarsa

Evdə qulluq

Əməliyyatın nəticəsi sizin həkimin məsləhətlərinə nə dərəcədə əməl etməyinizdən asılıdır. Xəstəxanadan ayağa düzgün vəziyyətdə sarılmış bandajla çıxacaqsınız. Həkiminiz sizə özəl bir ayaqqabı yaza bilər və ya ayağınız gipsə qoyulmuş ola bilər. Tikişlər sökülənə qədər sarğı qorunmalı və isladılmamalıdır. Həkimin etdiyi əməliyyat növünə uyğun olaraq ayağa yük vermə müddəti fərqi ola bilər. Buna mütləq əməl etmək lazımdır. Hansı əməliyyatın seçilməsinə baxmayaraq ilk həftə ayaq mütləq yüksəkdə tutulmalıdır. Bununla ayaqdakı şişkinlik daha az olur və yara sağalması daha yaxşı olur. İlk günlər hər saat başı 15 dəqiqə buz qoyulması şişkinlik və ağrıya kömək edir. Tikişlər söküləndən, gips və ya bandaj çıxarıldıqdan sonra xəstələr idman ayaqqabıları, ucu geniş topuqsuz ayaqqabı geyə bilər. Topuqlu və sivri burun ayaqqabıların geyinilməsinə 6 ay sonra icazə verilir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR