XƏBƏR

ATU-da 42 yaşlı xəstənin beynindən iri şiş çıxarılıb

date 15 Aprel 2019

ATU-da 42 yaşlı xəstənin beynindən iri şiş çıxarılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb beyin əməliyyatı icra olunub.

ATU-nun mətbuat xidmətindən e-tibb.az-a verilən məlumata görə, əməliyyatı klinikanın Neyrocərrahiyyə şöbəsinin müdiri Fərid Qaralov icra edib.

F. Qaralov bildirib ki, pasiyent ciddi baş ağrıları və sol gözdəki zəifliklə bağlı onlara müraciət edib: “42 yaşlı pasiyentdə beynin MRT-si və  görmə testi aparıldı. Xəstənin beynində sol sfinoid qanadda - sol əsas sümüyün qanadında böyük həcmli törəmə aşkarlandı. Bu meningiomanın götürülməsi üçün xəstənin əməliyyatı olunmasına dair qərar verildi”.

Həkim bildirib ki, əməliyyat riskli olub. Çünki əməliyyat zamanı  “karotis” adlandırılan şah damarın zədələnməsi ehtimalı, böyük damar yaralanması, görmə sinirinin qopması kimi təhlükələr varmış. Lakin 5 saata yaxın davam edən əməliyyat uğurla nəticələnib. Hazırda pasiyentin vəziyyəti qənaətbəxş sayılır və 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılacaq.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR