XƏBƏR

ATU-da 40 yaşlı xəstədən sinir mənşəli törəmə xaric edilib

date 11 Fevral 2019

ATU-da 40 yaşlı xəstədən sinir mənşəli törəmə xaric edilib

Azərbaycan Tibb Universitetinin (ATU) həkimləri daha bir uğurlu əməliyyat icra ediblər. ATU-nun mətbuat xidmətindən e-tibb.az-a verilən məlumata görə, 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib

ATU-nun Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayevin sözlərinə görə, pasient şöbəyə müraciət etməmişdən öncə bir neçə mütəxəssislə görüşüb: “Həmin müəssisələrdə xəstəyə açıq üsulla əməliyyat təklif olunub. Lakin o əməliyyatın qapalı üsulla aparılmasını istədiyi üçün başqa həkimlərə də müraciət etməyi qərara alıb. Bizə müraciət edəndə əməliyyatın qapalı olmasının mümkünlüyünü bildirdik”.

Azərbaycanda torakal cərrahiyyə sahəsində bir sıra ilklərin müəllifi olan A. Ağayev qeyd edib ki, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilib: “Əməliyyatın üsulu, yəni qapalı üsul dünyanın çox az müəssisələrində icra olunur. Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq, daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində yerləşirdi. Ona görə də hər an qanama təhlükəsi var idi. Əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Sözügedən cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.

Torakal cərrah bildirib ki, bəzən həkimlər bu kimi mürəkkəb cərrahi əməliyyatların icrasının xarici ölkələrdə etdirilməsini tövsiyə edirlər: “Ancaq təcrübə və müasir texnologiyaların tətbiqi ilə bu kimi riskli cərrahi əməliyyatların icrası və risklərin minimuma endirilməsi Azərbaycanda da mümkündür”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR