XƏBƏR

Ankarada tibb forumunda Azərbaycanın səhiyyə sistemi və tibb təhsilində yeniliklər müzakirə olunub

date 9 Dekabr 2019

Ankarada tibb forumunda Azərbaycanın səhiyyə sistemi və tibb təhsilində yeniliklər müzakirə olunub

Dünyanın ən böyük xəstəxanalarından biri olan Ankara şəhər Xəstəxanasında “Nümunəvi Həkim Olmağa Doğru” (Örnek Hekim Olmaya Doğru) adlı VI Türkiyə Forumu keçirilib. e-tibb.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi tərəfindən təşkil edilən tədbirdə Türkiyə və Azərbaycandan alimlər, səhiyyə mütəxəssisləri, təxminən 300-dək həkim və tibb ixtisası üzrə təhsil alan tələbələr iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim azərbaycanlı həkimlərin Türkiyədə aktiv fəaliyyətindən və Türkiyəyə tibb təhsilini təkmilləşdirmək üçün gələn tələbələrin Azərbaycana mütəxəssis olaraq qayıtmasından məmnunluğunu ifadə edib. Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə, Türkiyə Prezident Aparatı Ali Təhsil Qurumu İdarə Heyətinin üzvü, professor Zeliha Koçak Tufan, Türkiyə millət vəkili Şamil Ayrım, Türkiyənin Səhiyyə Nazirliyi Ankara Şəhər Xəstəxanası koordinatoru, baş həkim Əziz Əhməd Sural, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsirova, Azərbaycan Ürək və Damar Cərrahlar Dərnəyinin rəhbəri, professor Kamran Musayev, Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Qəhrəman Haqverdiyev, Türkiyə Səhiyyə Nazirliyinin Təhsil, Sertifikasiya Xidmətləri İdarəsinin rəhbəri Gülşən Budak Topaktaş, Azərbaycan Tibb Universiteti Tədris şöbəsinin müdiri Samir Cavadov və başqaları forumda çıxışlar ediblər. Forumun panel toplantılarında Azərbaycanın səhiyyə sistemi və tibbi təhsildə yeniliklər, Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər, Azərbaycanda həkimlər üçün iş və karyera imkanları, Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətlər müzakirə olunub. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan səhiyyəsində icbari tibbi sığortanın hüquqi bazası haqqında məlumat verib. Türkiyədəki azərbaycanlı həkimlərin problemlərinin həlli üçün Azərbaycanlı Həkimlər Dərnəyi tərəfindən son illər görülən işlər və hazırlanan hesabatlarla əlaqədar fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycanlı Həkimlər Dərnəyi 17 oktyabr 2014-cü ildə Ankarada qurulub. Bu dərnək tibb sahəsində təhsil alan və xidmət göstərən azərbaycanlı həkim, səhiyyə işçiləri və tibb tələbələrinin birlik və həmrəyliyini yaratmaq, ehtiyac və problemləri təyin edərək həll yolları tapmaq, Azərbaycan, Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü qurmaq, araşdırmalar aparmaq məqsədiylə yaradılıb. Azərbaycanlı Həkimlər Dərnəyinin İdarə Heyətinin sədri Fərid Qasımzadə, müavinləri Şahin Xanəlioğlu, Cəbrayıl Cəbrayılov, Altunay Muxtarlı, baş katibi Zaur Hacızadədir. Forumda həmçinin sosial proqram çərçivəsində qala konserti də keçirilib. Azərbaycan və Türkiyədən olan sənət adamları konsertdə çıxış ediblər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR