XƏBƏR

Anası ilə qan uyğunsuzluğu olan körpə sağlam doğulub

date 15 Avqust 2019

Anası ilə qan uyğunsuzluğu olan körpə sağlam doğulub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çox çətin və mürəkkəb keçən hamiləlik sağlam uşağın dünyaya gətirilməsi ilə sonlandırılıb.

Bu barədə e-tibb.az-a ATU-nun mətbuat xidmətindən bildirilib.

Əməliyyatı icra edən Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının sözlərinə görə, bətn daxilində ana və uşağın rezus uyğunsuzluğunun çox ağır forması aşkarlanıb. Bu səbəbdən dölə, ana bətnində 3 dəfə qan transfuziyası icra olunub. Buna baxmayaraq, hamiləliyin son 2 həftəsində xəstəliyin kritik həddə çatması səbəbi ilə döl təcili olaraq xaric edilib: “Ana və uşağa Rh uyğunsuzluğu, Hidrops fetalis, Anemiya, Assit, Ağır trombositopeniya və böyrək çatışmazlığı diaqnozu qoyulub. Hemoglobin 7q/dl - doğulan zaman qan transfuziyası olunub, parasentezle qarın boşluğundan 450ml maye xaric edilib, böyrək catışmazlığının müvafiq müalicə planı tərtib olunub”.

Neonatoloq hesab edir ki, bu diaqnozla körpənin ana bətnində 34 həftəyə qədər yaşaması birmənalı olaraq ginekoloqun gördüyü lazımi tədbirlərin nəticəsidir: "Əgər ginekoloq tərəfindən ana bətnində dölə qan transfuziyası olunmasaydı, uşaq dünyaya sağ gəlməzdi. Bu, ginekologiyanın uğurudur. Kritik dönəmdən keçərək 20 günlük müalicədən sonra uşağın sağlam şəkildə evə yazılması isə neonatalogiyanın uğurudur”.

Dəfələrlə övlad itkisi yaşamış ana uğurlu əməliyyatdan sonra göz yaşlarını saxlaya bilməyib, həkimlərə təşəkkürlərini çatdırıb.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR