6 Noyabr 2019
Anadangəlmə ürək qüsuru olan körpə üzərində əməliyyat aparılıb.
e-tibb.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş sağlamlığa qovuşub.
RMDM-də Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrahın rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub, anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş sağlamlığa qovuşub. Əməliyyat erkən yaşda ciddi ürək çatışmazlığı, ağciyər (pulmonar) hipertenziya, biküspid aort qapaq və geniş (10 mm) PDA ilə 40 günlük körpə üzərində həyata keçirilib.
RMDM-ə qəbul edilərkən körpədə qidalanma zamanı ciddi təngnəfəslik, yorulma və tərləmə əlamətləri var idi. Qüsur aradan qaldırıldıqdan sonra körpənin çəkisində gözə çarpacaq dərəcədə artma müşahidə olunub və yaxşı vəziyyətdə evə yazılıb. Körpənin valideynləri əməliyyatda əməyi keçən bütün tibbi heyətə təşəkkürünü çatdırıblar.