XƏBƏR

Ağcaqanadların yaydığı qorxulu xəstəlik: Hər il milyonlarla insan yoluxur

date 25 Aprel 2020

Ağcaqanadların yaydığı qorxulu xəstəlik: Hər il milyonlarla insan yoluxur

Aprelin 25-i hər il dünyada Ümumdünya Malyariya ilə Mübarizə günü kimi qeyd olunur. e-tibb.az xəbər verir ki, xəstəliklə səmərəli mübarizə aparmaq məqsədilə 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu barədə qərar qəbul olunub.

Malyariya ağcaqanad sancması nəticəsində yaranan infeksion, parazitar xəstəlikdir. Dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik hesab olunur. ÜST-ün məlumatına görə planet əhalisinin 40%-dən çoxu malyariyaya yoluxma riski altında yaşayır. Hər il orta hesabla 100-dən çox ölkədə 300-500 milyon insan bu xəstəliyə yoluxur, il ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.

Yoluxmaların əksəri Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Beş yaşınadək uşaqlar xəstəliyin risk qrupuna daxildir.

Azərbaycanda isə 1990-cı illərin əvvəllərində malyariyaya görə epidemioloji vəziyyət kəskin surətdə pisləşməyə başlayıb. 1996-cı ildə ölkədə 13 mindən çox xəstəlik hadisəsi qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən 1997-ci ildə Malyariya ilə mübarizə üzrə Milli Proqram işlənib hazırlanıb və həmin ildən onun icrasına başlanıb. Genişmiqyaslı əksepidemik tədbirlər nəticəsində epidemioloyi sabitliyə nail olunub, 2013-cü ildən etibarın bu günə kumi yerli yoluxma halları qeydə alınmayıb.

Bu xəstəliyin əsas əlaməti yüksək hərarət, üşütmə, baş, əzələ ağrıları, halsızlıq, ürəkbulanma, qusma və ishal sayılır.

Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası (eliminasiya-müəyyən bir xəstəliyin nəzərdə tutulmuş ərazidən tamamilə silinib təmizlənməsi-red.) barədə sertifikat alınması üçün ÜST-ə  müraciət edirlər. Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.

Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının  sertifikatlaşdırılması üçün Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ÜST-ə müraciət edilib və müsbət rəy alınıb. Səhiyyə Nazirliyi tərəfindən artıq hazırlıq prosesinə başlanıb, müvafiq Sertifikasiya Komissiyası yaradılıb.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR