XƏBƏR

17 may İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günüdür

date 17 May 2020

17 may İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günüdür

Hər il may ayının üçüncü istirahət günündə QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü qeyd olunur.

e-tibb.az xəbər verir ki, bu il 17 may İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günüdür.

İİV/QİÇS-dən vəfat edən insanların xatirəsi günü ilk dəfə 1983-cü ildə ABŞ-ın San-Fransisko şəhərində qeyd edilib. QİÇS-dən vəfat edənlərin yad olunması cəmiyyət üzvlərini bu xəstəliyə yoluxma təhlükəsi haqqında düşünməyə, sosial mənşəyindən asılı olmayaraq hər kəsi bu təhlükəli virusdan qorunmağa çağırır.

Bu günün qeyd olunması cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək və geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır .

Azərbaycanda ilk dəfə İİV-infeksiyası 1987-ci ildə aşkarlanıb.

QİÇS-Qazanılmış İmmun Çatışmamazlığı Sindromu (Acquired Immune Deficiency Syndrome) - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin  (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsi. QİÇS-in təzahür formaları özünü çoxsaylı yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə büruzə verir. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

Amma İİV-in pozitiv olması QİÇS olmaq demək deyil. Vaxtında aşkarlanıb müalicə olunsa bu xəstəliyə qalib gəlmək olur.

Ötən il dekabrın 1-ə olan məlumata görə, Azərbaycanda 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatda olub. Onların 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR