XƏBƏR

12 May Beynəlxalq Tibb Bacısı Günü qeyd olunur

date 12 May 2020

12 May Beynəlxalq Tibb Bacısı Günü qeyd olunur

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) hazırda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə yorulmadan çalışan bütün tibb bacılarına təşəkkür edib: “Məsuliyyətli vətəndaş olaraq bütün profilaktik tədbirlərə əməl etsək, tibb işçilərimizin və sevdiklərimizin həyatını xilas edə bilərik!”

Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.

İlk azərbaycanlı şəfqət bacısı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. General Əliağa Şıxlinskinin həyat yoldaşı olan Nigar xanım Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşır ki, oranı “Şıxlinski xəstəxanası” kimi tanıyırlar. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edir. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur.

Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür. Məlumatlara görə, Azərbaycanda 50 mindən çox orta tibb işçisi var, onların da 37 mindən çoxu tibb bacılarıdır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR