XƏBƏR

Yeni doğulmuşlara hansı peyvəndlər edilməlidir?

date 9 Dekabr 2020

Yeni doğulmuşlara hansı peyvəndlər edilməlidir?

Yeni doğulmuşların infeksiyalara qarşı ən böyük müdafiəsi ana südü və peyvəndlərdir. Yenidoğulmuşlar anadan aldıqları anticisimlərlə infeksion xəstəliklərdən qorunurlar. Lakin bu təsir qısamüddətli olur. Digər tərəfdən, yenidoğulmuşlar bəzi infeksion xəstəliklərə qarşı anadan keçən anticisimlərlə qoruna bilmirlər.

e-tibb.az xəbər verir ki, bunu pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Nazilə Hüseynova bildirib.

Həkim qeyd edib ki, yenidoğulmuşlara peyvənd vurulmazsa və onlar xəstəliyin mikrobu ilə qarşılaşarsa, orqanizmləri xəstəliklərlə mübarizə aparacaq qədər güclü olmur: “Peyvəndlər tapılmadan öncə, uşaqların çoxu infeksion xəstəliklər səbəbilə tələf olurdu. Eyni mikroorqanizmlər bu gün də var, ancaq yenidoğulmuşlar peyvəndlər sayəsində qorunmaqdadır.

Qeyd edim ki, tətbiq edilən profilaktik peyvəndlər nəticəsində son illərdə yenidoğulmuşlarda infeksion xəstəliklərin azalması müşahidə olunur.

Yenidoğulmuşlara su çiçəyi, Hepatit A, Hepatit B, meningit, məxmərək, qızılca, parotit, göy öskürək, pnevmokok pnevmoniyası, uşaq iflici, difteriya, tetanus, quduzluq, meninqokok, qrip xəstəliklərinə qrşı peyvəndlər edilə bilər.

Pediatr bildirib ki, peyvəndlərin qoruyucu təsir göstərə bilməsi üçün uyğun yaşlarda və uyğun fasilələrlə olunması əsas şərtdir: “Ona görə də uşaqlara xəstəliklərə tutulma riskinin ən yüksək olduğu dövrlərdən əvvəl peyvənd olunması lazımdır. Yenidoğulmuşların həkim tərəfindən ilk müayinəsindən sonra valideynlərə rutin peyvənd proqramı ilə bağlı lazımı məlumatlar verilir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR