XƏBƏR

Yeni doğulan körpələr ən çox nədən ağlayır?

date 26 Dekabr 2019

Yeni doğulan körpələr ən çox nədən ağlayır?

Yeni doğulan körpələrin ağlaması hər zaman ailələrdə narahatlıq doğurur. Bir çoxları bu haldan dərhal təşvişə düşürlər.

Mütəxəssislər hesab edir ki, yeni doğulmuşların ağlamasına səbəb olan bir çox amillər var.

e-tibb.az Türkiyədən olan uşaq xəstəlikləri uzmanı Dicle Çelikin bununla bağlı fikirlərini təqdim edir:

Körpələr hər şeydən əvvəl acanda ağlayırlar. Doğulandan sonra həzm sürətli getdiyinə görə, uşaqlar çox tez acır. Acdığını isə ağlayaraq bilidirirlər. Qida qəbulundan 3 saat keçən kimi yenidən süd verilməlidir. Hətta yatmış körpələri oyadıb süd vermək lazımdır. 

Ev çox isti olarsa bu, körpələri narahat edir. Bu da onların ağlamasına səbəb olur. Otaq temperaturu 21-24 dərəcə arasında olmalıdır.

Ağlamağın başqa bir səbəbi narahat, qalın geyim ola bilər. Uşaqları qalın yox, valideynlərin geyimindən bir qat artıq geyindirmək lazımdır. Çox qalın və üst-üstə paltar geyindirilən körpələr istindən narahat olur və bunu ağlamaqla büruzə verirlər. Vaxtında doğulalara 10 gün, vaxtından əvvəl doğulanlara isə 15 gün papaq taxmaq lazımdır. İlk 1 ay əlcək taxmaq olar. Bir ay sonar buna da gərərk qalmır.

Havasız mühit də yeni doğulanlarda ağlamaq səbəbi sayılır. Ona görə də körpələrin tez-tez açıq havaya çıxarılması, otaqların tez-tez havalandırılması lazımdır.

Doğulandan sonrakı 2-3-cü həftələrdə uşaqlarda bağırsaqlarda qazdan sancı yarana bilər. Bu hal körpənin ikinci ayına kimi davam edir və yavaş-yavaş aradan qalxır. Sancını tamamilə yox edən dərman yoxdur. Bağırsaqlar inkişaf etdikcə bu sancılar aradan qalxır. Amma qaz sancıları uşağı çox narahat edərsə, pediatrla məsləhətləşmək lazımdır.

Süd verən anaların yediyi bəzi qidalar uşaqlarda allergiya yarada bilər. Onların davamlı ağlamaları həm də allergiyanın yaratdığı narahatlıq səbəbindən ola bilər. Eləcə də ana südü yemədiyi təqdirdə körpələrə verilən süni qidalar da allergiyaya səbəb olur.

Ağlamaqla yanaşı dərdiə səpgilərin olması, qusma, qanlı, ifrazatlı nəcis qida allergiyasının olmasına dəlalət edir. Bu halda da pediatra müraciət olunmalıdır.

Uşaqların davamlı ağlamağına səbəb olan amillərdən biri də sidik yolu infeksiyalarıdır. Xüsusilə qız uşaqlarında buna daha çox rast gəlinir. Bu hal da təkcə ağlamaqla deyil, qızdırma, qusma, əmmədə azalma kimi əlamətlər, sidikdə qum görünməsi ilə özünü büruzə verir. Bu halda da mütləq pediatra müraciət etmək lazımdır.

Uşaqların ağlamasına səbəb olan əsas problemlərdən biri də qəbizlikdir. Ana südü ilə qidalanan uşaqlar gündə 6-8 dəfə nəcis isfraz edir, bəzən isə bir həftə böyük bayıra çıxmaya bilərlər. Amma bu, narahatlıq yaratmırsa, adi hal sayıla bilər. Narahatlıq, ağlama, qarında şişkinlik kimi hallar varsa, mütəxəssisə müraciət edilməlidir. Qəbzilkdən əziyyət çəkən uşaqlarda anusda çat yaranması da ağlamağa səbəb olan hallardan biridir.

Qulaqda yaranan infeksiyalar, burun tutulmaları qulaqlarda ağrı yaradır. Qulaqlarda ağrı səbəbindən ağlayan uşaqlar adətən əllərini qulaqlarına vurur, onları dartır, ovuşdururlar.

Bəzi uşaqlarda diş çıxarma mərhələsində hər hansı problem olmasa da, bəzilərində bu, ağrılı keçir. Uşaqların davamlı ağlaması dişlərin çıxması ilə bağlı ola bilər. Bu halda qusma, ishal, ağız ətrafında səpgi yaranması da mümkündür. Belə hallarda mütəxəssislə məsləhətləşib bitki tərkibli ağrıkəsici gellərdən istifadə etmək olar.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR