XƏBƏR

Yaddaşınızı bu ŞİRƏLƏRLƏ möhkəmləndirə bilərsiniz

date 10 Aprel 2019

Yaddaşınızı bu ŞİRƏLƏRLƏ möhkəmləndirə bilərsiniz

Yaddaşı möhkəmləndirən qidalar barədə yəqin ki, çoxları eşidib. Amma elm adamları, dünyanın aparıcı mərkəzlərinin apardıqları araşdırmalar zaman-zaman bununla bağlı yeniliklər, maraqlı məqamlar da ortaya çıxarır. E-tibb.az bununla bağlı psixiatr, uzman həkim Fuad Bəşirovun fikirlərini təqdim edir:

Yaddaş azalmasının və ya unutqanlığın bir çox səbəbi məlumdur. Qeyd edəcəyim məqamlar müayinə etdiyim xəstələrimin və ya xəstə yaxınlarının eyni zamanda dostun, qohumun sözarası soruşduğu - yaddaşsızlıq üçün nə yesək, nə etsək kömək edər- sualına cavab olacaq.

Yaddaşın geri dönməyən azalması ilə gedən xəstəliklərin başında gələn Alzheimer  xəstəliyinin əsasında genetik və ətraf mühit şərtlərinin əsas olduğunu bilirik. Eyni zamanda bu xəstəliyin yaranması üçün əsas zəmin  yaradan faktorlara depressiya,  stress, köklük, yüksək təzyiq, diabet xəstəliyi, fiziki aktivliyin olmaması, siqaret çəkmək, təhsil öyrənmə vərdişinin az olmasını saya bilərik. Elmi tədqiqatlar həyat şəraitinin, yaşam tərzinin genetik faktorlardan çox vaxt üstün olduğunu vurğulamaqdadır.

Gündəlik yeməyimizin yaşam tərzimizin müəyyən bir hissəsi olduğunu nəzərə alsaq, xəstəliklərlə əlaqəsini qurmaq çox da çətin olmaz.

Yeyilən qidaların yaddaşa olan təsirini öyrənən elmi tədqiqatlar bəzi qidaların xüsusilə sağlam və ya yüngül kognitiv pozulması olan yaşlı insanlara müsbət təsirini göstərməkdədir. Son tədqiqatlardan biri Kaliforniya Universitetində aparılıb, nar şirəsinin 28 gün ərzində, gündə təxminən 224 qram istifadə edilməsinin görmə yaddaşına müsbət təsirini göstərib. Nar şirəsinin bu keyfiyyəti antioksidant təsir ilə əlaqələndirilir.

Başqa bir elmi tədqiqat isə qarağat şirəsinin (gündə 450-600 ml) 12 həftəlik təsirinin sağlam yaşlı insanların kognitiv funksiyalarını yaxşılaşdırdığını ortaya çıxarıb. Eyni zamanda  aclığın da yaddaşla əlaqəli problemlərə müsbət təsiri göstərilib. Belə ki, iştaha ilə əlaqəli olan xolesistokinin yüksək səviyyəsinin yüngül koqnitiv pozulma və alzheimer xəstəliyinin riski ilə tərs mütənasib olduğu bildirilir.

Vitaminlərdən D, B 12, Fol turşusu yaddaşla birbaşa əlaqəlidir, eyni zamanda spirtli içkidən həddindən artıq istifadə edənlərdə B1 vitamini azlığı yaranır ki, vaxtında müalicə olunmasa, bu da yaddaşsızlığın qalıcı olaraq pozulması ilə nəticələnir.

Yuxarıda sadalanan qida vasitələrindən başqa balıq, naringi, yumurta, fındıq, şokolad, kofe, sarıkök kimi qidaların sağlam yaşlanmada yaddaş problemlərinə müsbət təsir etdiyini göstərən elmi tədqiqatlar da mövcuddur. Burada diqqət edilməsi lazım olan məqam tədqiqatların sağlam yaşlanma ilə əlaqəli olmasıdır. Yaddaşsızlığın və digər problemlərin xəstəlik səviyyəsində olması bu tədqiqatların diqqət mərkəzindən kənardadır. 

Bu sahənin həkimi olaraq vurğulamaq istədiyim ən vacib məsələ, demensiya, yaddaşsızlıqla bağlı xəstəliklər başlamadan əvvəl və ya hər hansı kiçik bir problemlə qarşılaşanda mütləq müayinədən keçməyin vacib olmasıdır. Çünki bu cür insanlara xəstəliklər başlamadan əvvəl və ya başlanğıc mərhələsində daha yaxşı kömək edə bilirik. Bir başqa məsələ, xəstəlik yarandıqdan sonra nə balıq, nə nar şirəsi dərmanları əvəz etmir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR