XƏBƏR

Vərəmli qadın hamilə qala bilərmi və ya hamilə qadında vərəm aşkarlansa nə etməli?

date 11 Oktyabr 2019

Vərəmli qadın hamilə qala bilərmi və ya hamilə qadında vərəm aşkarlansa nə etməli?

Vərəm ağır xəstəlik olsa da, müalicə olunur. Bəzən isə hamiləlik zamanı qadınların vərəm olduğu aşkarlanır. Belə düşüncələr də səslənir ki, vərəm olan qadınlar hamilə qala bilməz. Halbuki, hamiləlik aktiv vərəmin və erkən müalicə olunan qadınların risk dərəcəsini artırmır.

e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının Ağciyər vərəmi və hamiləlik üzrə mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Səbinə Babayeva deyib.

S.Babayeva bildirib ki, hamiləlik zamanı vərəmin yayılması regiondan və əhalinin sıxlığından asılıdır: “Əgər vərəmin ağır forması hamiləliyin sonunda və zahılıq dövründə proqressivləşirə, bu, çox işləmək, pis qidalanmaq, hamiləlik vaxt xroniki yorulmaqla əlaqədardır. Bu zərərli faktorların birləşməsi immunitetin aşağı düşməsinə, vərəm prosesinin kəskinləşməsinə xidmət edir”.

Onun sözlərinə görə, vərəmin ən çox rast gəlinən forması ağciyərdə prosesin olmasıdır. Qadınların yarısında bu proses simptomsuz keçir: “Amma digər yarısında xəstəlik subfebrilent, öskürək, tərləmə və çəkinin azacıq da olsa, artması ilə müşayiət olunur. Vərəmin digər formaları - meninqit, böyrəklərin zədələnməsi, sümük vərəm kimi hallarda nadirən rast gəlinir”.

Həkim qeyd edib ki, hamiləlik zamanı vərəm aşkar olunan qadını mütləq risk qrupuna daxil etmək lazımdır. Vərəmli hamilələrdə Manty reaksiyası 48 və 72 saatdan sonra dəri reaksiyasını qiymətləndirmək lazımdır: “Lakin bu zaman müsbət nəticə aktiv patoloji prosesin başlandığı göstərmir. Sonra da müayinə lazımdır -bəlğəmin vərəm mikrobakteriyasına əkilməsi,döş qəfəsinin rentgenoloji müayinəsi (qarın nahiyəsinin ekranlaşdırılması ilə) diqqətlə aparılmalıdır. Diaqnoz bəlğəmdə vərəm mikrobakteriaysının aşkar olunub-olunmamasına əsasən qoyulur.

Vərəm təsdiqlənən zaman izoniazid və etambutal təyin edilir. Proses çox ağır formada gedərsə, və yaxud göstərilən dərmanlara rezistentlik yaranarsa, onda I trimestrdən sonra rifamisin təyin olunur. Streptamisin dölün VIII kəllə sinirinin zədələnməsini verir. Müalicə ftiziatorun nəzarəti altında ciddi olaraq aparılır. Bəlğəmində vərəm mikrobakteriyası aşkar olunan qadınlar vərəm əleyhinə dispanserdə yatmalıdır”.

Mütəxəssis onu da vurğulayıb ki, aşağıdakı hallar müşahidə olunarsa, onda 12 həftəliyə qədər hamiləlik pozulması məsləhətdir:

- Müalicə pis tabe olan, ağciyərdə yayılmış destruktiv proses olduqda;

- Əvvəlki hamiləlikdə prosesin kəskinləşməsi;

- Son 2 ildə miliar vərəm, yaxud meningit keçirdikdən sonra;

- Yanaşı gedən xəstəliklər varsa - böyrək, diabet və ürək damar çatışmazlığı;

- Gec dövrdə hamiləliyin pozulması.

Vərəmli xəstələrdə doğuş ayrı şöbədə və ya müəssisədə aparılır. Əgər qadın hamiləliyin sonunda, doğuş anında vərəm əleyhinə terapiya alıbsa, ciftin histoloji müayinəsinin aparılması vacibdir. Əgər vərəm mikrobakteriyaları ifraz olunmazsa, döşlə qidalanmaya icazə verilir. Əks halda, yeni doğulmuş izolə olunur və süni qidalanır.

S.Babayeva deyib ki, bəzi hallarda döl də infeksiyaya yoluxa bilər. Bu, o hallarda baş verir ki, döl infeksiyaya yoluxmuş dölyanı mayeni udsun. Yaxud yoluxma doğuş vaxtı da ola bilər. Ümumilikdə isə dölün yoluxması çox nadir hallarda baş verir və adətən yeni doğulmuş praktik sağlam olur. Belə körpələri doğuşdan sonrakı ilk 6 həftə ərzində BCJ ilə vaksinasiya etmək lazımdır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR