XƏBƏR

Vaxtından əvvəl doğulmuşlarda göz müayinəsi nə üçün vacibdir?

date 21 Sentyabr 2020

Vaxtından əvvəl doğulmuşlarda göz müayinəsi nə üçün vacibdir?

Vaxtından əvvəl doğulanlarda ən çox yaranan problemlərdən biri də göz zədələnmələri hesab olunur. Onların bir qismində görmə ilə bağlı ciddi problemlər ortaya çıxır. Ona görə də vaxtından əvvəl doğulmuşlar həm də görmə ilə bağlı risk qrupuna aid olunurlar və onlarda göz müayinlərinin aparılması vacib sayılır.

Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?

e-tibb.az oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının həkimi Aynurə Əliyevanın bununla bağlı məqaləsini təqdim edir:

Vaxtından əvvəl doğulmuşlarda postnatal korluq torlu qişa damarlarının və tor qişanın periferik hissəsinin zədələnməsi, yenidoğulmuşların retinopatoyası səbəbindən yarana bilər. Hamiləliyin dördüncü ayından inkişaf etməyə başlayan torlu qişa damarları doqquzuncu aya yaxın tam formalaşmış olur.
Hamilələyin 32-ci həftəsində və ya daha tez doğulan və 1500 qram çəkiyə qədər olan körpələr bu risk qrupuna aid olurlar. Bu səbəbdən çəkisi 1500 qrama qədər olan yenidoğulmuşlar 4-6-cı həftədə göz müayinsindən keçməlidirlər.
Əgər vaxtından əvvəl doğulmuş körpələrdə prematur retinopatiya aşkarlanmasa, 4-6 həftədən sonra təkrar müayinə edilməlidir.
Vaxtından əvvəl doğulmuş risk qrupunda olan uşaqlarda ilk 4-6 həftələr müddətində pataloji damarlar yarana bilər. Məhz bu mərhələdə göz dibi müayinəsi önəmlidir.
Həmçinin, 28-ci həftəsindən tez doğulan və 1-2 ay küvezdə qalan körpələr böyük risk qrupunda olurlar. Xüsusilə 1250 qram çəkili körpələr, ilk yeddi gün müddətində yüksək oksigen müalicəsi aldıqlarına görə mütləq oftalmoloq müşahidəsi altında olmalıdır.
İlk göz dibi müayinəsindən sonrakı müayinələr göz dibinin vəziyyətindən asılı olaraq 2 həftədən bir təkrarlanır. Uşaqlarda normal inkişaf getdikcə bəzən pataloji damarlar öz özünə keçir.
90% hallarda xəstəliyin inkişafı dayanır. Bəzi hallarda isə stabil qalır və ya ağırlaşaraq qansızama, torlu qişanın qopması, katarakta, ikincili qlaukoma, çəplik, ambliopiya ilə nəticələnə bilər.
Məhz, bu vəziyyətə görə hər bir vaxtından əvvəl doğulan körpə korluğa səbəb olan ağırlaşmaların qarşısını almaq məqsədilə mütləq göz dibi müayinəsini keçməlidir. Xəstəliyin mərhələsindən asılı olaraq lazer koaqulyasiya və medikamentoz müalicə tətbiq olunur. Bəzi hallarda cərrahi müdaxilələr də istisna deyil.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR