XƏBƏR

Vaxtından əvvəl bağırsağı çöldə doğulan körpə ATU-da müalicə edilib

date 9 Dekabr 2019

Vaxtından əvvəl bağırsağı çöldə doğulan körpə ATU-da müalicə edilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir ağırlaşmış hamiləlik anamnezinden doğulmuş körpənin müalicəsi uğurla nəticələnib. e-tibb.az-ın xəbərinə görə, Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib ki, uşaq qeyseriyə yolu ilə vaxtından əvvəl – 32-33 həftəliyində 1,8 kq çəki ilə dünyaya gəlib. Hamiləlik zamanı başqa klinikada dəfələrlə müayinələrdə olmasına baxmayaraq, dölün bətndaxili diaqnozu TCK-da qoyulub. Belə ki, hamiləliyin 30-cu həftəsində qastroşizis olduğu aşkarlanıb. A.Rüstəmxanlının sözlərinə görə, qastroşizis - inkişaf qüsurudur. Qarının ön divarında, göbək ətrafında əzələ qatı bətn daxilindən defektiv olduğundan, bağırsaqlar qarın boşluğunda deyil, xaricdə olur. bildirir ki, bu cərrahiyyə əməliyyatı çox mürəkkəbdir: “Qarındaxili sahə kiçik qalır, orqanların yenidən yerinə yerləşdirilməsi cərrah üçün çətinlik təşkil edə bilər. Eyni zamanda, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə peşəkar neonatal xidmət tələb olunur. Belə ki, xəstələrdə bu dövrdə bağırsaq nekrozu - Nekrotik enterokolit xəstəliyi, erkən neonatal sepsis, böyrək catışmazlığı yaranma ehtimalı yüksəkdir. Hamiləliyin 3 ayından etibarən qastroşizin bətndaxili diaqnoztikası mümkündür və erkən diaqnostika vacibdir. Bu zaman hamilələrdə polihidroamnioz - dölyanı suyun çoxluğu olur, bətndaxili inkişafdan qalma, bətndaxili ölüm risqki, erkən doğum riski gözlənilir”. Doğumdan dərhal sonra ilk növbədə qarının defektiv nahiyəsinin, orqanların sterilliyi qorunaraq vəziyyəti stabilləşdirilir, əməliyyata hazırlanaraq cərrahi müdaxilə aparılır - bağırsaqlar qarın içinə yerləşdirilir və qarın örtülür”. Həkim bildirib ki, dölyanı suyun çox olması, dölün bətndaxili inkişafının zəifləməsi ilə yanaşı, ürək döyüntülərinin və hərəkətlərinin zəifləməsi müşahidə olunduğundan, körpənin sağ qalması üçün hamiləliyin 32-33-cü həftəsində sonlandırılması qərara alınıb. Körpə vaxtından əvvəl dünyaya gəlib. Cərrahi əməliyyatdan sonra körpə TCK-nın neonatologiya şöbəsində müalicə alıb. Körpə çəkisini artıraraq sağlam vəziyyətdə evə yazılıb. A.Rüstəmxanlı deyir ki, körpənin doğulması və sonrakı müalicəsində ATU-nun Tədris Cərrahiyyə Klinikasının peşəkar həkimlərinin rolu böyükdür: “Başda uşaq cərrahı, professor Ramiz Poluxov olmaqla uşaq cərrahiyyəsi komandasına ailənin adından da, öz adımdan da dərin minnətdarlığımı bildirirəm. Qastroşizis diagnozlu, həm də vaxtından erkən doğulmuş körpəni 12 gün sonra evinə sağlam şəkildə yola salmaq qürurvericidir”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR