MÜSAHIBƏ

Uşaqları mövsümi infeksiyalardan necə qorumaq olar? - Həkimlərdən ÇAĞIRIŞ

date 13 Sentyabr 2019

Uşaqları mövsümi infeksiyalardan necə qorumaq olar? - Həkimlərdən ÇAĞIRIŞ

Havaların soyuması, fəsil dəyişməsi virus infeksiyalarının daha çox yayılmasına səbəb olur. Bundan ən çox əziyyət çəkən isə uşaqlar olur. Viruslar xüsusilə bağçalarda, məktəblərdə uşaqlar arasında sürətlə yayılır. Bir çox hallarda isə valideynlər azyaşlıların bağçaya, məktəbə gedən kimi virusa yoluxduqlarını, bu halın tez-tez təkrarlandığını, sağalma prosesinin isə çox uzun çəkdiyini vurğulayırlar.

Bəs uşaqları viruslardan necə qorumaq olar?

e-tibb.az bununla bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

Pediatr Aytən İsmayılova e-tibb.az-a açıqlamasında bildirib ki, virus infeksiyalarının qarşısını almaq mümkün deyil, bu infeksiyalar həmişə olub və olacaq:

“Soyuq havalarda viruslar daha da aktivləşir. Soyuq travması nəticəsində uşaqlarda immunitet zəifləyir, virus infeksiyalarına yoluxma, ağırlaşma halları daha çox müşahidə edilir. Ağırlaşma hallarına daha çox immuniteti zəif olan uşaqlarda rast gəlinir. İmmuniteti zəif olan uşaqlarda hər virus infeksiyası keçirən fəsadlar baş verir. Belə hallar təkrarlanırsa, artıq həkim özü də narahat olur və həmin uşağa immunoloji test edilir”.

Həkim deyib ki, hərarətsiz qrip infeksiyası olmur: “Bəzən deyirlər ki, qripdir, amma hərarəti yoxdur. Virus infeksiyalarının ən təhlükəlisi qrip infeksiyasıdır. Qrip daha çox ağırlaşma verə bilər, meningit, pnevmoniya, bronxit s. yarada bilər. Hansı uşaqların ki, genetik allergiyası, obstruktiv bronxiti var, onlarda hər virus infeksiyasında ağırlaşma təkrarlana bilər. Biz daha çox risk qrupuna daxil olan, yəni obstruktiv bronxiti, astma, allergiyası olan uşaqları qorumağa çalışırıq ki, hər dəfə xəstələnəndə ağırlaşmasınlar. Digər uşaqlarda isə xəstələnmə halı ola bilər, amma əgər bu xəstəlik 3 günlük hərarət olandan sonra uşaqların halı düzəlməyə başlayırsa, narahat olmağa dəyməz. Sadəcə, uşaqlara bol maye, C vitamini ilə zəngin olan qidalar, meyvə-tərəvəz çox  verilməlidir. Uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. İmmunitet kimdəsə güclüdür, kimdəsə zəif. Amma uşaqlar zərərli qidalar, kolbasa-sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul edəndə onların bağırsağında mikroflora məhv olmağa doğru gedir və immunitet zəifləyir. Sağlam qidalanan,  meyvə-tərəvəzi, lifli qidaları  bol yeyən, dərmanlardan, antibiotiklərdən uzaq olan, əvvəldən ana südü ilə qidalanan uşaqların immuniteti güclü olur. Bundan əlavə, yay aylarında uşaqların kifayət qədər D vitamin qəbul etməsinə fikir vermək lazımdır. D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir. Dəniz kənarına gedib qaralmaq immuniteti gücləndirmək demək deyil, əksinə zəiflətməkdir. Çünki dərinin də immun xüsusiyyətləri var, dəri qaralanda immunitet zədələnir, dağılır. İmmuniteti gücləndirən əsas vitamin D vitaminidir. Bu vitaminin əskikliyi olarsa, immunitet də zəifləyər. Uşaqlar ilboyu imkan olan kimi Günəşlə təmasda olmalıdırlar. Uşaq bağlı, qapalı məkanlarda az zaman keçirməlidir. Fəsil dəyişən kimi valideynlər dərhal gedib aptekdən balıq yağı, vitaminlər alırlar, amma bu səhvdir. Heç bir vitamin kompleksi və balıq yağı immuniteti möhkəmləndirmir”.

A. İsmayılovanın sözlərinə görə, uşaqların məktəbə gedərkən maskadan, “Oksalin” mazından istifadəsi xəstəliyin qarşısını almır: “Qrip əleyhinə peyvənd var, bu da risk qrupa daxil olan uşaqlara tətbiq olunur. Amma ümumilikdə bütün məktəbli uşaqların qrip əleyhinə peyvənd olunması vacib deyil. Burada digər viruslar da olur, adeneviruslar, rotaviruslar və s. Hər bir virusun ağırlaşma təhlükəsi var, ona görə də uşaqları soyuqlamadan qorumaq lazımdır. Uşaqlara gigiyena qaydalarını öyrətməliyik ki, asqıranda, öskürəndə əlinə ağzına tutubsa, sonra əllərini sabunlayıb yusun. Ayaqyoluna gedəndə, pilləkənlərdən, qapı dəstəyindən tutduqdan sonra, qida qəbul etməzdən əvvəl mütləq əllər yuyulmalıdır”.

“Tez-tez xəstələnən, xüsusilə də ağır xəstəliyi olan uşaqlara qrip peyvəndi vurula bilər”

Pediatr Əli Quliyev  də e-tibb.az-a deyib ki, viruslar dəyişkən havaları sevir: “Havaların dəyişməsi nəticəsində uşaqlar arasında ən çox yayılan infeksiyalardan biri qripdir, digəri isə mədə-bağırsaq infeksiyası olan rotavirusdur. Virusdan uzaq olmaq üçün insanların çox olduğu yerlərdən uzaq olmaq lazımdır. Belə havalarda qəbul edilən qidalara da xüsusi diqqət etmək lazımdır. Virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır. Bu səbəbdən uşaqların eyni mühitə getməsi həmin virusun sürətlə yayılmasına səbəb olur. Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə, bağçaya göndərilməsin. Bu zaman mümkün qədər uşaqların qidalanmasına fikir verilməli, meyvədən bol-bol istifadə edilməlidir, xüsusilə də C vitamini bol olan meyvələrdən. C vitamini qripə qarşı, immuniteti gücləndirmək baxımından çox effektlidir. Bir də tez-tez xəstələnən, xüsusilə də ağır xəstəliyi olan uşaqlara qrip peyvəndi vurula bilər. Düzdür, qrip peyvəndi xəstəliyin tam qarşısını almasa belə, mümkün qədər ağırlaşmaların qarşısını alır. Ən əsası, gigiyena qaydalarına əməl edilməlidir. Uşaqlar çöldən evə gələn zaman mütləq əlləri yuyulmalıdır. Kirli, təmiz yuyulmamış qidalardan uzaq durmaq lazımdır”.

“Virusa yoluxan uşaqlar məktəbə, bağçaya getməməlidir”

İnfeksionist Vasif Əliyev e-tibb.az-a açıqlamasında deyib ki, mövsümi xəstəliklərdən ən çox qripi qeyd etmək olar: “Bu virus özünü daha çox oktyabrdan başlayaraq göstərir. Bu xəstəliyin əlamətləri olan burun axması, temperatur, öskürək, bəlğəm, halsızlıq, ümumi yorğunluq kimi hallarla qarşılaşdıqda uşağın həkim müayinəsindən keçməsi mütləqdir. Bu cür uşaqların bağçaya, məktəbə getməməsi, digər uşaqlarla təmasda olmamaları daha məqsədəuyğun olar. Çünki təmas nəticəsində xəstəlik daha çox adama yayılır. Bu virus hava-damcı yolu ilə yayıldığına görə, asqırdıqdan sonra həmin otağın havasını mütləq dəyişmək lazımdır. Virus otaqda qalır və başqa adamın da xəstələnməyinə şərait yaranır. Qrip üçün xüsusi müalicə üsulu yoxdur, düzdür, qrip ağırlaşmaları zamanı müəyyən dərmanlardan istifadə olunur, amma əsas sistematik müalicədir. Yəni qızdırmanı aşağı salan dərmanlardan istifadə, çoxlu maye qəbulu, soyuq havalarda qalın geyinmək və s. Bir də ən əsası, hamı mövsümi qrip peyvəndi olunmalıdır, xüsusilə də çoxlu sayda insanların olduğu qruplarda bu lazımdır”.

V.Əliyevin sözlərinə görə, uşaqların gigiyenik qaydalara əməl etməməsi də virusun yayılmasına şərait yaradır: “Asqıranda əlimizlə ağzımızı tuturuq. Bu səbəbdən tez-tez əlimizi sabunlayıb yumalıyıq ki, virusdan təmizlənsin. Asqıranda əli ağıza tutmaq virusun çoxalmasına səbəb olur. Çünki asqıran uşağın əl vurduğu əşyaya digərləri də əl vurur, beləliklə, virus həmin şagirdlərə də keçir. Mövsüm dəyişməsi təkcə qrip deyil, digər virusların da yaranmasına, yayılmasına şərait yaradır. Bunun üçün diqqətli olmaq lazımdır. Əgər uşaqda hər hansı şikayət varsa, həkimə müraciət etməli və müalicə olunmalıdır”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR