BLOQ

Uşaqları bizim davranışlarımız yetişdirir: Evlərdə dəyərlər yaşayırsa...

date 24 May 2020

Uşaqları bizim davranışlarımız yetişdirir: Evlərdə dəyərlər yaşayırsa...

Bəzən gəncləri qınayırıq: "Bizim vaxtımızda uşaqlar fərqliydi, tərbiyəliydi", deyirik. Deməyək! "Əvvəlkilər böyük-kiçik yeri bilirdi, hörmət vardı, indikilər hörmətsiz, məsuliyyətsiz internet uşaqlarıdır", deyirik. Deməyək! Onların günahı yoxdur. Əgər həqiqətən belədirsə, deməli bu, qırmızı bayraqlar asılıb, zənglər çalınır, bizə xəbərdar edilir deməkdir. Onların günahı yoxdur, biz formalaşdırırıq onları. Dini inancımız ola da bilər, olmaya da bilər. Allahı qəbul da edə bilərik, inkar da. Amma unutmayaq ki, uşaqları bizim davranışlarımız yetişdirir... Gözəl bir ayın sonuna gəldik. Asan olmadı, hətta oruc tutduğunuz üçün bəzən güldülər də, qınandınız da, sınandınız da. Amma həyatın, dünyanın bu qədər çətinliklərinə, sıxıntılarına, bitkin və yorğun halınıza  baxmayaraq dirəndiniz. Bütün fəzilətləri tərənnüm və təbliğ edən, gözəl bir ay keçirdiniz, gözəl insanlar. Nəfsinə nəzarət edə bilən, övladlara, gənclərə gözəl nümunə ola bilən insanlar. Dəyərləri olan, insanları bölməyən, hörmətlə yanaşa bilən, hüzur verən insanlar. Bu gözəl bayram günündə bütün dualarınızın qəbul olunmasını diləyirəm. Dünyamız əməllərin nuru ilə gözəlləşir, gözəl örnəklər sayəsində gözəl nəsillər yetişir. Əqidənizlə yaşayan və yaşadan dəyərlərsiniz! Əgər evlərdə dəyərlər yaşayırsa, sizin kimi insanların sayəsindədir. Siz fərqinə varmadan gözəl töhfələr verirsiniz, insanlar yetişdirirsiniz. Sevgi də, bağlılıq da, dəyərlər də siz hiss etmədən nəsildən-nəslə ötürülür.  Bərabərliyi, iradəni, sevgini, hörməti, yardımsevərliyi yaşada bilən insanlar, bayramınız mübarək. Bütün gözəllikləri yaşamanız diləkləriyə.

 

Nigar Sədiyeva - Pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti

e-tibb.az

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR