XƏBƏR

Uşaqlarda qəbizlik hansı səbəblərdən yaranır?

date 5 Avqust 2020

Uşaqlarda qəbizlik hansı səbəblərdən yaranır?

Uşaqlarda qəbizlik ən çox narahatlıq yaradan problemlərdən biridir. Yeni doğulanlardan tutmuş daha yuxarı yaş qruplarına qədər rast gəlinən bu hal bəzən illərlə davam edir, aparılan müalicələrin nəticəsi olmur. Qəbizlik hansı səbəblərdən yaranır? Uşaqlarda qəbizliyi necə aradan qaldırmaq olar? 

e-tibb.az həkim-pediatr Aida Rəşidovanın bununla bağlı məqaləsini təqdim edir:  

Qəbzlik-nəcis ifrazı arasındakı intervalların fizioloji normaya nisbətən uzanması, nəcis ifrazından sonra bağırsağın tam boşalmaması hissiyatının olması, nəcisin forma və xarakterindəki dəyişikliklərlə (həddən artıq bərk olması və s.) xarakterizə olunur. Ümumiyyətlə, nəcis ifrazının xarakteri və sayı uşağın yaşından və qidalanmasından asılıdır. Körpə-yeni doğulmuş usaqlar əgər ana südü ilə qidalanırsa, sutkada 7-8 dəfə, yəni qidalanmaların sayı qədər nəcis ifrazi baş verə bilər. Süni qidalanan uşaqlarda isə nəcis ifrazi sutkada 2-4 dəfə olmalıdır. 6 ayından bərk qidalara başladıqda defekasiya aktının sayı da azalır  sutkada 2 dəfə ola bilir. 1 yaşa qədər uşaqlarda gün ərzində nəcis ifrazının olmaması, nəcis ifrazi zamani çətinliklər (gücənmə və s.), eləcə də nəcisin böyüklərdəki kimi formalaşmış olması qəbzlik hesab olunur. Yəni 1 yaşa qədər nəcis sıyığabənzər konsistensiyada olmalıdır. 3 yaşa qədər həftədə 6 dəfədən az nəcis ifrazı qəbzlik sayılır. 4 yaşdan sonra defekasiya aktı artıq böyüklərdəki kimi bir dəfə olmalıdır. Nəcisin konsistensiyası çox bərkdirsə, uşaq bu zaman gücənirsə, bu hal da qəbzlik hesab olunur.

Qəbzlik orqanik ( bağırsağın quruluşunda olan pozulmalar) və funksional yəni bağırsaq funksiyasının hər hansı səbəbdən pozulması nəticəsində meydana gəlir. Düz bağırsağın, anal keçəcəyin anadangəlmə daralması ilə müşahidə olunan xəstəliklər-hişbrunq xəstəliyi və s. orqanik qəbizliyə aid olunur. Mukovisodoz, seliakiya kimi anadangəlmə xəstəliklər də bəzən qəbzliyə səbəb olur.

Funksional qəbizliyin səbəbi müxtəlifdir. Endokrin-hormonal sistemin xəstəlikləri-səkərli diabet, qalxanvari vəzin xəstəliyi-hipotireoz, qalxanvari ətraf vəzilərin funksiyasının pozulması, kalsiumun qanda səviyyəsinin aşağı və ya çox olması, kaliumun səviyyəsinin aşağı olması, porfiriya, uremiya və s.,

Medikamentoz qəbzlik- bir sıra dərman preparatlarının qəbulu- turşuluq əleyhinə-antasidlər, dəmir preparatları, nevroloji dərmanlar və  s.,

Düzgün olmayan qidalanma-lifli qidaların az qəbulu (meyvə və tərəvəzlərin tərkibində olur), mayenin az qəbul olunması, sinir sistemi xəstəlikləri-məsələn, uşaq serebral iflici və s., raxit, əzələ tonusunun aşağı olması, qanda dəmirin miqdarının az olması, bağırsaqda faydalı mikroorqanizmlərin az olmasi-disbioz,  inək südü zulalına, buğda məhsullarında olan qlütenə qarşı allergiya, az fiziki aktivlik, iştahsızlıq, bəzi sistem xəstəlikləri (dermatomiozit, sklerodermiya, və s.), mədə bağırsaq xəstəlikləri (öd kisəsi, mədəaltı vəz problemləri və s.), psixogen faktorlar səbəbindən (depressiya, qorxu, həyəcan, mühit dəyişkənliyi(məktəb, baxça), ailədaxili situasiyalar).

Bundan başqa qurd invaziyalari, iştahsızlıq, körpələrdə birdən-birə qidanın dəyişdirilməsi, süni qidanın tərkibində dəmirin çox olması, bir süni qidadan digərinə sürətlə keçmə və s.,  eləcə də qanazlığı qəbizliyə səbəb ola bilər.

Usaqlar hər hansı virus infeksiyasına yoluxarkən, bağırsaq infeksiyası ilə xəstələnərkən qusma və ishal olduqda bədən maye itirdiyi üçün də qəbzlik yaranması mümkündür.  Qəbzliyin əmələ gəlməsində sinir sisteminin rolu böyükdür. Süd verən ana stress vəziyyətində olarsa stress hormonları süd vasitəsilə uşağa təsir edir və qəbzlik baş verə bilir. Böyük uşaqlarda bəzən qəsdən defekasiya aktını ləngitmə olur ki, bu da qəbzliyin əmələ gəlməsində rol oynayır. Bu, bir necə səbəbdən baş verir:

1) Nəcis ifrazi ağrılıdır (bərk olduğu üçün),

2) Evdən kənarda başqa yerdə etmək istəmədiyi üçün,

3) Maraqlı oyunu yarımçıq qoymaq istəmədiyi üçün. Uşaqlar tualet vərdişinə yeni öyrədilən zaman müqavimət göstərib nəcis ifrazını ləngidə bilər və bu vərdiş halını aldıqda qəbizlik baş verir.

Qəbizliyin meydana çıxmasında genetik amillər də rol oynayır yəni ailədə hər hansı bir insanda-atada, anada, nənə və ya babada qəbzlik müşahidə olunursa, uşaqda da olma ehtimalı böyükdür. Qəbizliyin uzun müddət baş verməsi bəzən nəcisi saxlaya bilməməyə-enkoprezə səbəb olur ki, bu da uşaqda kompleksin, özünə inamsızlığın əmələ gəlməsinə və psixoloji problemlərə yol açır. Həmçinin böyük nəcis kütləsinin sidik kisəsinə təzyiqi nəticəsində sidiyi saxlaya bilməmək-enurez meydana çıxır. Bərk nəcis kütləsi bağırsaq divarını zədələyərək düz bağırsaqda çatlar əmələ gətirir. Bu zaman bəzən nəsib üzərində qan görünə bilər. Hemorroy da qəbizliyin fəsadlarından biridir. Qəbizlik zamanı  nəcisin tərkibində olan zərərli maddələr yoğun bağırsaqda ləngidiyi üçün qana sorulur və bu da öz növbəsində müxtəlif simptomlara və xəstəliklərə yol açır. Müxtəlif allergiyalarin (dəri, bronx) qəbizliklə birbaşa əlaqəsi var. Toksiki maddələrin orqanizmə təsiri nəticəsində ürəkbulanma, qusma, iştahsızlıq müşahidə oluna bilər. Bağırsaqda qidalı maddələrin sorulması pozulduğu üçün müxtəlif vitamin və mikroelement defisiti, ümumi halsızlıq və ya əksinə, oyanıqlıq, baş ağrıları, yuxusuzluq, depressiya halı olur. Dərinin vəziyyəti də birbaşa bağırsaqdan asılı olduğu üçün qəbzlik zamanı, dəri quruluğu, dəridə müxtəlif səpgilər çatlar, qaşınma və s. müşahidə olunur.

Qəbzlik uşağın ümumi rahatlığını pozur, qarında sancılar, ağrılar köp olur.

Qəbzliyin aradan qaldırılması bir neçə istiqamətdə aparılır.

1) Ananın və uşağın təlimatlandirilmasi.

2) Qidalanma və içki rejiminin korreksiyası

3) Medikamentoz (dərman) terapiyası

4) Saxlayıcı terapiya

Ana və uşağın təlimatlandirilmasi zamanı-şərti refleksin tualet vərdişinin formalaşması barədə informasiya vermək vacibdir. Bunun üçün defekasiya hər gün eyni vaxtda olmalıdır. Uşağı ana hər yemək qəbulundan sonra tualetə yönləndirməli və defekasiya vaxtı uşağın oturuşuna fikir verməlidir. Ayaqlarının altına hündür olmayan kiçik bir stul qoyulmalıdır ki, ayaqların vəziyyəti hündür olsun. Bu zaman qarın daxili təzyiq artır və nəcis ifrazi rahat olur. Müalicəvi bədən tərbiyəsinin də rolu böyükdür. Böyük uşaqlara üzgüçülük, gimnastika məsləhət görülür. Ümumiyyətlə, çox hərəkətli həyat tərzi lazımdır. Körpələrə qarının saat əqrəbi istiqamətində göbək ətrafı masaj, qarnı üstə yeni ağzı aşağı qoyulma və s. məsləhət görülür. İçki və qidalanma rejimi düzgün olmalıdır. Bir yaşa qədər uşaqlar sutkada təqribən 100 ml maye, 1 yaşdan böyüklər təqribən hər kq çəkiyə 30 ml maye qəbul etməlidirlər. Kompot, meyvə şirəsi, kisel, bitki çayları da bura daxildir. Qidada bitki lifləri-sellüloza sutkada 5 qr olmalıdır. Kəpəklər, çovdar çörəyi, qarabaşaq, yulaf, dənli bitkilər, qarğıdalı, kivi, alma, ərik, gavalı, şaftalı, əncir, çuğundur, kök, pomidor, gül kələmi, lobya, göbələk, üzüm, yaşıl noxud və s. istifadə olunmalıdır. Şüyüd, kahı, reyhan, kərəviz müxtəlif salatlara əlavə olunmalıdır. Tünd şokolad, kolbasa və sosislər, qazlı şirin içkilər, quru və qızardılmış qidalardan uzaq olmaq lazımdır. Daha çox bulyonlar, həlimli suplar-bulqur supu və s. istifadə olunmalıdır. Dərman müalicəsində usaqlara zərərsiz bitki tərkibli preparatlara, bağırsaqdan sorulmayan preparatlara, pre və probiotiklətə üstünlük vermək lazımdır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR