MÜSAHIBƏ

​​​​​​​Uşaqlarda çəpgözlük məktəb yaşına kimi aradan qaldırılmalıdır - MÜSAHİBƏ

date 8 Yanvar 2019

​​​​​​​Uşaqlarda çəpgözlük məktəb yaşına kimi aradan qaldırılmalıdır - MÜSAHİBƏ

Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Qabil Zülfiyev e-tibb.az saytına müsahibə verib. O, refraksiyon anomaliyalar, miopiyanın müalicəsi, eksimer lazer əməliyyatları, qlaukoma, gözlərdə bədxassəli şişlər, uşaqlarda çəpgözlük kimi mövzulara toxunub.

- Müşahidələrinizə əsasən deyə bilərsinizmi əhali arasında daha çox hansı göz problemləri yayılıb?

- Daha çox refraksiyon xəstəliklərlə bağlı müraciət olunur. Əslində, bu, xəstəlik də hesab olunmur, gözün anomaliyasıdır, quruluşudur. Çünki bunun nəticəsində göz zəifləmir, görmə eynəklə bərpa olunur. Bir adam eynək taxmayıb zəif görürsə, ona xəstə demək olmaz. Bir də cavanlarda, məktəb yaşlı uşaqlarda yaxın görmənin pozulması ilə bağlı müraciətlər artıb.

- Refraksion anomaliyalara hansı xəstəliklər daxildir?

- Miopiyalar, hipermetropiyalar və astiqmatizmlər. Astiqmatizmlər, əsasən, irsi olur. 18 yaşdan sonra meydana çıxa bilər. Amma əhali arasında ən çox rast gəlinən miopiya və hipermetropiyadır. Sadə dillə desək, gözlərin “-” və “+” olması. Son illərin xəstəliyi miopiaydır. Miopiya zamanı refraksiyanın - gözün şüa sındırması güclənir. Bu, elə göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Müasir dövrdə yaxından işləmə o qədər artıb ki, nəticədə miopiyalar da artıb. İstər uşaq, istər böyüklərdə oyun, dərs, iş stolun üstündədir, uzaqdan görmə azalıb. Əvvəllər uşaq dərsini hazırlayıb, gedib çöldə oynayırdı, uzaqgörmə də işləyirdi. İndi isə oyun da kompyuterdədi, dərs də. Göz yalnız yaxına işləyir, uzağa yox. İnsan yaxına baxdıqda yaxını görmək üçün gözün şüa sındırması artır, refraksiya güclənir, uzağa baxanda normaya düşür. Ancaq bir adam uzun müddət yaxına baxandan sonra uzağa baxdıqda həmin güclü refraksiya boşalmır, normaya düşmür və miopiya yaranır.

- Miopiyanın müalicəsi hansı üsulla aparılır?

- Miopiya iki formada olur - bir var gözdə spazm əmələ gəlir, bir də var həqiqi refraksiya. Yəni statik və dinamik refarksiya olur. Əgər spazmdırsa, əzələyə bağlıdırsa, dərman müalicəsi ilə görməni əvvəlki kimi bərpa etmək olar. Buna yalançı miopiya deyilir. Həqiqi miopiyadırsa, mənfi eynəklərlə korrektə edirik. Eynəkdən isə eksimer lazer əməliyyatları ilə yaxa qurtarmaq mümkündür. Ancaq həmin əməliyyatı 18 yaşdan tez etdirmək olmaz. Gərək refraksiyanın dəyişməsi tam dayansın. O vaxta kimi də göz vaxtaşırı yoxlanmalıdır. Belə müqayisə edək – necə ki, uşaq böyüdükcə başqa ölçüdə ayaqqabı, geyim alırıq. Ayağı, bədəni böyüdüyü kimi, gözü də böyüyür, refraksiyası dəyişir və ona uyğun eynək təyin olunur. 18 yaşdan sonra gözün ölçüsü də dəyişmir, eynək də. Onda artıq seçim etmək olar - şəxs ya daim eynək taxmalıdır, ya da eynəkdən qurtulmaq üçün əməliyyat etdirməlidir. Bu əməliyyat ümumilikdə 5 dəqiqə çəkə bilər. Əməliyyat zamanı lazerlə işləmək müddəti 15-20 saniyədir.

- Bu əməliyyatın hər hansı fəsadı ola bilərmi?

- Bunlar antifizioloji əməliyyatlardır. Məsələn, eynək taxmaq fizioloji prosesdir. İstəyəndə taxır, narahat olanda çıxarır, ölçüsü dəyişəndə yenisi alınır. Əməliyyat zamanı isə toxumanın quruluşu dəyişdirilir. Toxuma lazer vasitəsilə buxarlandırılıb, nazikləşdirilir. İstənilən əməliyyatda əməliyyatın özünə bağlı fəsad, infeksiyalaşma ola bilər - heç kim bundan sığortalanmayıb. Amma sırf bu əməliyyatın gedişilə bağlı fəsad olmamalıdır. İş mükəmməl icra olunubsa, infeksiyalaşma baş verməyibsə, hər hansı fəsad olmayacaq. Sadəcə, bir neçə il nəzarət olunmalıdır. Çünki gözün bir qişası nazilir. Nazilən qişa sonradan özünü necə aparacaq, buna nəzarət olunmalıdır. 

- El arasında ən çox məşhur olan və qorxulan xəstəlik “qara su” deyilən qlaukomadır. Qlaukoma nədir? Göz təzyiqi olan hər kəs üçün qlaukoma təhlükəsi varmı?

- Bizim camaat, həqiqətən də, qlaukomadan qorxur. Ən azından adı - “qara su” camaatı qorxudur. Sadə dillə izah edim. Gözün içərisində bir boşluq - kamera var ki, orda maye olur. O maye durğun deyil. Damarlardan bir tərəfdən gəlir və süzülüb gedir. Mayenin orda olması mütləqdir. Çünki ordan keçib gedəndə toxumaları qidalandırır. Mayenin gəlişi, yaxud gedişinin pozulması nəticəsində gözdə təzyiq artır. Qlaukoma həmin gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Təzyiq ətraf toxumaları, sinirləri sıxır, atrofiyalaşma başlayır, sonda qurudur. Quruyandan sonra görmə zəifləməyə və itməyə başlayır. İtən funksiyaları isə bərpa etmək mümkün deyil. Mirvari suyu - katarakta olan biri görməsini itirər, amma əməliyyatla görmə yüz faiz bərpa oluna bilər. Qlaukomada isə itən görməni bərpa etmək mümkün deyil. Xəstəliyin ağırlığı da məhz bundan ibarətdir. Hər gözdaxili təzyiq isə qlaukoma demək deyil. Sadəcə, təzyiqin qalxması qlaukomanın bir əlamətidir. Sonrakı fəsadları yaradan məhz təzyiqin qalxmasıdır. Təzyiq düşməyəndə başlayır sinirləri qurutmağa və görmə itir.

- Qlaukomanın əlamətləri hansılardır? İnsan bu xəstəliyi özündə necə sezə bilər?

- Anadangəlmə qlaukomanın valideynlər tərəfindən seziləcək əlaməti gözlərin quruluşundakı assimetriyadı. Belə göz o biri ilə müqayisədə böyüməyə başlayır. Uşaqların göz alması elastik olduğu üçün ordakı təzyiq göz almasını böyüdür. Şarı üfürəndə böyüdüyü kimi. Buna ifadəli göz deyirlər. Valideyn diqqətli olsa, uşağın 3-4 ayından hiss edə bilər ki, gözün biri o birindən böyükdür. Ancaq böyüklərdə qlaukomaya 40 yaşdan sonra rast gəlinir. İki klinik forması olur – açıq bucaqlı və qapalı bucaqlı. Açıq bucaqlıda xəstəlik simptomsuz irəliləyir, ağrı olmur. Bəzən xəstə görməni tam itirir, xəbəri də olmur, çünki o biri gözü ilə görür. Təsadüfən əl-üzünü yuyanda, yaxud gözünü tutanda qəfil görmədiyinin fərqinə varır. Bununla belə, lal gedişli qlaukoma zamanı müəyyən əlamətlər olur - gözlərdə ağırlıq hissi yaranır, bəziləri gözündə yaş olduğundan şikayətlənir, halbuki olmur, görmə sahəsi daraldığı üçün axşamlar yaxşı görmür. Qapalı bucaqlı formasında isə güclü ağrı verir. O ağrı insanı mütləq həkimə aparır. Bunu mütləq vurğulamaq lazımdır: qlaukoma elə xəstəlikdir ki, göz görməsə belə, xəstə müalicə olunmalıdır. Düzdür, görmənin geri qayıtması mümkün deyil. Amma xəstənin 30 faiz görməsi qalıbsa, müalicə o 30 faizi qoruyub saxlamağa yönəlir, artırmağa yox. Yox, əgər görmə tam itibsə, yenə də müalicə getməlidir. Çünki görmə yoxdursa da, göz var. Bu xəstəliyin pis xüsusiyyəti odur ki, görmə qabiliyyəti itəndən sonra başlayır dözülməz ağrılar verməyə. O zaman məcbur olaraq, xəstənin gözü götürülür, protez qoyulur. Yəni göz görməsə belə, kosmetik deffektin olmaması üçün müalicə mütləqdir. Onu da qeyd edim ki, qlaukomada irsi faktor əsas rol oynayır. Birinci dərəcəli qohumlarda qlaukoma varsa, həmin adamlar risk qrupuna daxildir, mütləq yoxlanmalıdırlar. Ümumiyyətlə, 60 yaşdan sonra insanlar ildə bir dəfə oftalmoloq müayinəsindən keçməlidir.

- Orqanizmdə əksər toxumalarda xərçəng yaranır. Bəs göz xərçəngi olurmu? Bədxassəli şiş gözün hansı hissəsində ola bilər?

- Gözdə bəzi damarsız quruluşa malik toxumalarda şiş olmur. Amma gözün torlu qişasında, damarlı qişalarda, göz qapaqlarında rast gəlinir. Göz kiçik orqandır. 8-9 qram çəkisi var. Burda müxtəlif mənşəli toxumalar olduğu üçün müxtəlif bədxassəli şişlər yaranır. Eləsi var, simptomsuz olur. Yaxud göz qapaqlarında olanda kosmetik deffekt verir. Damarlı qişalarda olanda görmədə problem yaradır. Yenidoğulmuşlarda isə daha çox retinoblastomalara rast gəlinir. Retinoblastoma gözün retin qişasının şiş xəstəliyidir. Bu xəstəliyin əsas əlaməti göz bəbəklərinin rənginin ağarmış, bozumtul olmasıdır. Belə uşaqlarda görmə çox erkən itir. Amma şişin beyinə, başqa orqanlara anastomoz verməməsi üçün qarşısını tez almaq lazımdır. Yoxsa sonra həyati təhlükə ola bilər.

- Uşaqlarda çəpgözlüyün əməliyyatsız tam müalicəsi varmı? Hansı hallarda əməliyyat zəruridir?

- Çəpgözlük, əslində, uşaq xəstəliyidir. Anadangəlmə çəpgözlük ilk 6 ayda, sonradan qazanılma çəpgözlük isə, əsasən, 2-4 yaş arasında meydana çıxa bilir. Çəpgözlük göz almasını hərəkət etdirən əzələ və onun idarə edən sinirlərin patologiyasıdır. Təəssüf ki, son illər çəpgözlük də artıb. Yenə də eyni səbəb - kiçik yaşlardan uşaqların telefonla, kompyuterlə oynaması göz üçün o yaşa xarakterik olmayan gərginliyin artmasına gətirib çıxarır. Burda iki klinik hal var - eynəyə bağlı olan və olmayan çəpgözlük. Birinci halda uşağa eynək yazılır. Eynək azı 6 ay taxılmalıdır. Əgər çəplik eynəyin altında düzəlirsə, deməli, əməliyyata gərək yoxdur. O zaman pleoptik müalicə - aparatlarla funksional müalicə üsulları tətbiq olunur. 10-15 günlük kurslardır. Çəpgözlük sinir, əzələylə bağlıdırsa, eynək taxmağın köməyi olmur. O zaman əməliyyat zəruridir. Amma əməliyyatdan öncə də uşaq pleoptik müalicə almalıdır. Əməliyyat narkozla aparılır. Sırf cərrahi əməliyyatdır, burada lazer tətbiq olunmur.

- Çəpgözlük əməliyyatlarının qiyməti nə qədərdir?

- Qiymət əməliyyatı kimin etməyindən, hansı klinikada keçirilməyindən, neçə əzələ üzərində aparılmasından asılı olaraq, 600-1600 manat arasında dəyişir. Bu əməliyyat çəpliyin dərəcəsindən asılı olaraq bir, yaxud iki mərhələli ola bilər. Mərhələli olanda qiymət də artır. Onu da vurğulayım ki, çəpgözlüyü məktəb yaşına - 6 yaşa kimi aradan qaldırmaq lazımdır. Uşağın böyüməyini gözləmək olmaz. Çünki beyin o cür baxmağa öyrəşəcək, düzəltmək çətin olacaq. Əməliyyat nə qədər tez olsa, bir o qədər yaxşıdır.

- Sonda mütəxəssis olaraq, valideynlərə hansı tövsiyələri verərdiniz?

- Müasir texnologiyalar günümüzün problemidir. Valideynlər, hətta öz yaxınlarımız da uşaqları televizor, telefon, planşetlərdən uzaq tuta bilmirlər. Bəzən valideynlər nəinki bunun qarşısını almır, əksinə, özü buna şərait yaradır. Uşağı sakitləşdirmək üçün telefonu verirlər əlinə, özləri də gedib işlərini görürlər. Amma bu, uşağın gözlərində ciddi fəsadlar yaradır, normal gedən fizioloji prosesləri pozur. Birinci növbədə, uşaqları telefon, planşetlərdən uzaq tutmaq lazımdır. İkincisi, gözdə hiss etdikləri hansısa narahatlığa “filankəsdə də olmuşdu, keçdi” deyib laqeyd yanaşmasınlar. Heç bir problem öz-özünə keçmir, əksinə, daha da ağırlaşa bilir. Üçüncüsü, yaxın məsafədəki işin gərginliyini azaltmaq lazımdır. Bacardıqca uzağa baxmaq, açıq havada oyunlar oynamaq, yaxın-uzaq məşqləri etmək lazımdır. Uşaqlar yarım saat dərs edib, yarım saat dincəlməlidirlər. Fasiləsiz, saatlarla yazı yazıb, oxumaq olmaz. Uşağın uzanıb televizora baxması, telefon oynaması, kitab oxuması doğru deyil. Heç televizora yaxından baxmaq da olmaz. Bütün bunlara riayət olunsa, uşaqların gözlərində erkən yaşdan problem də yaranmaz.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR