XƏBƏR

"Ürək nevrozu" nədir və hansı əlamətləri var?

date 30 May 2020

"Ürək nevrozu" nədir və hansı əlamətləri var?

 

Ürək xəstəlikləri hər zaman ən geniş yaylılan problemlərdən olub. Son illərdə isə ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı daha da artıb. Ölüm hallarının da bir çox hallarda bu xəstəliklərdən baş verdiyi məlumdur. Amma bir qisim insanlar uzun illər ürək ağrılarından, ürəkdə döyüntü, çırpıntı hissindən şikayətlənsələr də, əslində müayinələr zamanı onlarda hər hansı xəstəlik aşkarlanmır. Bu hallar daha çox “ürək nevrozu” olaraq qəbul edilir. Yəni bunun əslində ürək problemi olmadığı, nevroloji, psixoloji bir problem olduğu bildirilir. Ürək nevrozu nədir? Belə bir xəstəlik varmı?

e-tibb.az bununla bağlı psixiatr Orxan Fərəclinin məqaləsini təqdim edir:

Müasir tibbi təsnifatlara əsasən nevroz diaqnozu yoxdur. Uzun illər elmi ədəbiyyatlarda istifadə olunan nevroz sözü orqanizmdəki tibbi əsaslarla izah olunmayan ürəkdöyünmə, boğulma, bayılma, qorxu, həyəcan, əsəbilik və sair kimi əlamətlər üçün işlədilirdi. Hətta bəzi hallarda bu əlamətlərin orqanizmdə özünü göstərmə yerinə görə “ürək nevrozu, mədə nevrozu, bağırsaq nevrozu, beyin nevrozu” olaraq adlandırırdılar. Müasir dövrdə Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) bütün bu sadaladığımız əlamətlər ayrı-ayrı xəstəliklər formasında təsnif edilərək müxtəlif diaqnozlara ayrıldı.

“Ürək nevrozu “ əslində nədir?

İllərdir ətrafdan və hətta bəzən həkim dostlardan da eşitdiyimiz bu ifadə müasir təsnifatda daha çox panik atak və ipoxondriya (sağlamlıq təşvişi) dediyimiz xəstəliyinin simptomları ilə üst-üstə düşür. Ümumi olaraq qeyd etmək lazımdır ki, daha çox ölüm qorxusunun hakim olduğu bu xəstəlik zamanı insanlar daimi olaraq ürəklə bağlı narahatçılıq keçirirlər. Ürək nahiyəsində batan bəzən də yayılan tipli ağrılardan şikayət edirlər. Bu ağrılar adətən miokard infrarktında olduğundan fərqli olaraq qısa ani sancılar şəkilində olub qola və kürəyə nadir hallarda vurur, ağrılar dözüləsi həddə olur və fiziki hərəkət olmadan çox vaxt sakit halda baş verir. Ağrının başlaması ilə birlikdə ürəkçırpıntısının da olması həmin adamda qorxu hissini də özü ilə gətirir və şəxs düşünür ki, məndə infarkt başlayır və “mən ölürəm”. Çoxlu həkim müayinlərinə gedib dəfələrlə elektrokardioqramma, stesstest hətta anju kimi ürək müayinləri etdirmələrinə baxmayaraq buna səbəb olacaq heç bir problemin aşkar olunmaması belə onları sakitləşdirmir. Daimi olaraq əllərini nəbzlərinə və ya ürək nahiyəsinə qoyaraq kontrol edən bu şəxslər tez tez təzyiq ölçdürməkdən özünü və ətrafdakı insanları yormağa başlayırlar.

Əlamətlərin psixoloji və yoxsa ürəkdən olduğunu necə bilərik?

Panik atak zamanı əlamatlər daha çox ürək çırpınıtısı ilə başlayır. Ürək nahiyəsindəki qısamüddətli ağrılar daha çox iynə batma hissini xatırladır. Ağrı qola kürəyə demək olar ki yayılmır, ağrıyan yeri çox vaxt xəstələr barmaqla göstərirlər. Fiziki hərəkət ağrını azaldır. Təzyiq çox vaxt yuxarı olur və bəzən ürəkbulama və boğulma da müşahidə olunur. Bütün bunların hamısı ilə birlikdə qorxu hissi hakimdir.

Miokard infarktı zamanı isə ağrının xarakteri daha fərqli olur. Bu ağrı çox şiddətlidir, dözülməzdir sanki sinədə yayılmış formada olan göynəmə və ağrı qola kürəyə, bütün sinəyə və hətta diş və mədəyə də yayıla bilər. Hərəkət zamanı ağrı daha da artır, bədənin pozasını dəyişməklə ağrı azalmır.

Daha çox kimlərdə olur?

Müşahidə və statistika bu problemin qadınlarda kişilərdən daha çox olduğunu göstərir. Gənc insanlarda rast gəlinmə tezliyi çox olsa da yaşlı şəxslərdə də baş verə bilər.

Müalicə üçün nə etməli?

Əksər hallarda bu şəxslər əlamətlərin psixoloji səbəblərdən yarandığına əmin olana qədər dəfələrlə müxtəlif müayinələrdən keçirlər. Əhatəli bir kordioloq müayinəsindən sonra bu şikayətlərin panick atak və ipoxondriya olacağına əminlik yaranır. Cəmiyyətdə yanlış olaraq bu problemlərin nevropatoloqların müalicə etdiyini düşünsələr də, bu xəstliklər məhz psixiatriyanın məşğul olduğu problemlərdir.

Adətən antidepressant adlandırdığımız qrupdan təyin etdiyimiz tək dərman bu problemi 2-6 həftə ərzində müalicə etməyə qadirdir. Bəzən problemdən asılı olaraq əlavə dərman və əlavə müddətə ehtiyac yarana bilər. Ən az 6 ay davam edən müalicə müddətində dərmanlarla bərabər psixterapiyanın rolu əvəzedilməzdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR