BLOQ

Suçiçəyi hansı təhlükələr yaradır?

date 28 Mart 2019

Suçiçəyi hansı təhlükələr yaradır?

Su üzərində bitən çiçəyin yaratdığı gözəl mənzərə çox az adamın zövqünü oxşamaz. Ancaq buna oxşar bir mənzərənin insanın üzündə görülməsi yalnız həkimlər üçün adi haldır. Qorxmayın, bu yalnız və yalnız su çiçəyi xəstəsinin brilyant yaşılı ilə rəngləndiyi 5-7 günlük bir haldır. Bir həftədən sonra onun “çiçəkləri” solaraq quruyacaq və təmizlənib bir kənara atılacaq.

Suçiçəyi suluqcuqlu elementlərlə müşayiət olunan kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin törədiciləri su çiçəyi virusudur. Onlar ətraf mühitin təsirlərinə çox davamsızdırlar. Bu viruslar mikroskopik filtrlərdən belə keçdikləri üçün filtrə olunan viruslar qrupuna aiddirlər. Xəstəliyin əsas mənbəyi su çiçəyi ilə xəstələnmiş insanlardır. İnsan xəstəliyin səpgi dövrü başlanmazdan bir neçə gün əvvəl və başladığından sonrakı 5-7 gün ərzində yoluxdurucu olur. Bu dövrdə viruslar hava-damcı yolu ilə digərlərinə keçir. Xəstəliyə ən çax kollektiv yoluxma xarakterikdir. Bu səbəbdən də təhsil müəssisələrində, idman kollektivlərində, gənclər çalışan kollektiv iş yerlərində və hərbi qulluqçular arasında payız-qış mövsümündə xəstəliyin kükrəyişləri qeyd olunur. Xəstəliyə əsasən 12 yaşadək uşaqlar yoluxduğu üçün onu uşaq infeksion xəstəliklər qrupuna aid edirlər. Bu yaşda uşaqlar xəstəliyi yüngül keçirirlər. Yetkinlik yaşından sonra insanlar bu xəstəliyi kifayət dərəcədə ağır və xoşagəlməz fəsadlarla keçirirlər. İnkişaf etmiş ölkələrdə bu xəstəliyə görə heç bir kollektiv karantini tətbiq olunmur ki, digər uşaqlar da xəstəliyə yoluxub onu “vaxtında” keçirsinlər.

İnkubasiya dövrü 10-21 gündür. Xəstəlik əsasən tam sağlam fonda bədən hərarətinin yüksəlməsi ilə başlayır. 1-3 gün hərarətli dövr səpgilərin meydana gəlməsi ilə sonuclanır. Su çiçəyi virusu dərinin epitel hüceyrələrini zədələyərək onda xarakterik dəyişikliklər törədir. Səpgilər öncə üzdə, başın tüklü hissəsində və gövdənin müxtəlif nahiyələrində peyda olur. Əvvəlcə qırmızı rəngli ləkələr əmələ gəlir. Bir neçə saatdan sonra bu ləkələr içərisi şəffaf maye ilə dolu olan suluğa (vezikula) çevrilir. Suluqların “ömrü” çox da uzun deyil: 1-2 gündən sonra suluğun möhtəviyyatı bulanır (pustula) və büzüşərək qurumağa başlayır. Yeni suluqlar ilk səpgilərin yarandığı gündən başlayaraq bir neçə gün müddətində (2 gündən 5 günədək) əmələ gəlməkdə davam edir. 7-8 gündən sonra qartmaqlar tam quruyaraq əsasən heç bir iz qoymadan qopub düşürlər. Su çiçəyinin digər səpgili və yoluxucu xəstəliklərdən fərqləndirən əlamətlərdən biri dəri elementlərinin polimorfizmidir. Yəni ki, xəstəliyin inkişaf dövründə eyni anda bədənin müxtəlif nahiyələrində müxtəlif xarakterli (həm ləkə, həm vezikula, həm pustula və s.) görmək olar.

Şikayətlər, xəstəliyin anamnezi və səpgilərin xarakteri tam şəkildə diaqnozun qoyulmasına imkan verir. Suçiçəyinin “əsas” müalicə üsulu yaşlı insanlara çoxdan bəllidir. Bu insanların “zelyonka” adı ilə tanıdıqları briliyant abısıdır. Bu müalicə üsulunun mahiyyəti səhər və axşam səpgilərin brilyant abısı ilə işlənməsidir. Beləliklə, uşağı müalicə alan ana hər səhər və axşam eyni ritualı yerinə yetirməlidir: uşağı soyunduraraq təzə və köhnə səpgiləri brilyant abısı ilə “qeyd etmək”. Bir gün isə aydın olacaq ki, bu rituala artıq ehtiyac qalmayıb.

Müalicə yataq-ev rejimi, qıcıqlanıdırıcı və şirin tamlı ərzaq məhsullarının rasiondan çıxarılması və bol mayenin əlavə edilməsini tələb edən pəhriz, eyni zamanda simptomatik preparatların köməyi ilə aparılır. Son zamanlar antivirus preparatların yaranması ilə əlaqədar olaraq ehtiyac olan hallarda asiklovir həbləri də müvəffəqiyyətlə tətbiq olunur. Xəstəyə yaxşı qulluq sağalmaya çox müsbət təsir göstərir. Elmin son nailiyyətlərində biri də suçiçəyinə qarşı yaradılan peyvəndləmədir. Xüsusən də bunu 12 yaşını keçmiş, lakin suçiçəyi xəstəliyi keçirməmiş insanlara etmək məsləhətdir. Çünki, suçiçəyinin təhlükəli hesab edilən fəsadları olan pnevmoniya, meningit və meninqoensefalitlər, somatogen psixozlar, demielinləşdirici üzvi nevroloji xəstəliklər əksərən bu yaşda olan xəstələrdə müşahidə olunub.

Suçiçəyi xəstəsi olan otaqlarda nəm silinmə və dezinfeksiya işləri aparılmalı, kollektivlərdə isə erkən aşkarlanma və immunizasiya tədbirləri gücləndirilmədir. Bunları mütləq bilinməli və riayət olunmalıdır:Suçiçəyi xəstəsinin hərarəti yüksək olarsa ona heç bir zaman aspirin vermək olmaz. Bu qorxulu qara ciyər fəsadlarına və ya qanaxmaya səbəb ola bilər.

Xəstəlik zamanı dəri qaşınmaları olur ki, nəticədə səpgilər infeksiyalaşa bilər və ya sonda yerində xoşagəlməz izlər saxlanılar. Bunların qarşısını almaq üçün uşaqları qaşınmadan yayındırmaq, dırnaqlarını tez-tez tutmaq, yataq dəstlərini hər gün dəyişdirmək, eləcə də xəstə qalan otağı isti edib tərləməsindən qaçmaq lazımdır...

 

Azər Nağıyev - İnfeksionist-hepatoloq

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR