BLOQ

Sən nələrə qadirmişsən...

date 8 Noyabr 2020

Sən nələrə qadirmişsən...

Xalq olaraq çətin bir dövrdən keçirik. Heç birimizə asan deyil. Amma gündəmə fərqli bir çərçivədən baxaq, deyirəm. Uzun illər insan ömrünün uzunluğu və keyfiyyəti insanlığın çox böyük səylə uzun illər araşdırdığı bir tədqiqat mövzusu olub. Dağ havası, qatıq yemək, idman, və s. amillərin əhəmiyyətindən çox danışılıb. Əlbəttə, hərəkət etmək və nə yemək əhəmiyyətli amillərdir.

Və üçüncü çox vacib amil münasibətlərlə əlaqədardır. İnsan olaraq bizim bu dünyada digər canlılardan əsas fərqlərimizdən biri bədəncə zəifliyimiz və çılpaqlığımızdır. Bu səbəblə dünyada təkbaşına həyatda qalması mümkün olmayan bir canlıyıq. Yaşamaq uğrunda mübarizədə dünyanı dəyişdirərək, ətrafımızı özümüzə uyğunlaşdıraraq, həyatda qala bilirik. Lakin bunu təkcə həyata keçirməyimiz çox çətindir. Çünki bir insanın tələbatı da çoxdur, ancaq digər insanlarla birləşərək, birlikdə fəaliyyət göstərərək ortaq bir məqsəd uğrunda toplanaraq böyük gücə sahib olunur. Bu işin texniki tərəfidir. Bioloji cəhətdən baxdıqda isə insan adlanan canlının sosial ünsiyyətə böyük ehtiyacının olduğu, yalnız qaldığı halda həm cismən, həm ruhən zəiflədiyini görürük. Tədqiqatçılar uzunömürlüyün sirlərini araşdırdıqda qatıq, alma mövzularının çox da əhəmiyyətli olmadığını, ətrafında az sayda insanla etibarlı münasibətinin olduğu insanların uzun və gözəl yaşadığını gördülər. Bu, insanların dostları və əzizlərilə qurduqları gözəl münasibətlər, dərdlərini söyləyib paylaşa bilmələri, çətin vəziyyətə düşdükləri zaman kimə müraciət edə biləcəklərini bilmələri  insanın həyatda qalmasını təmin edir. Bizim çox məşhur bir hormonumuz var, adı oksitossin olan. Həkimlərdən soruşsanız analar əmizdirərkən süd fışqırsın, yaxud körpə doğularkən uşaqlıq yığılıb körpənin doğumunu təmin etsin deyə ana orqanizmindən ifraz olunan hormondur deyərlər. Amma 10 il əvvəl öyrəndik ki, əllə salamlaşdıqda, qucaqlaşdıqda, yallı gedəndə, komanda olaraq bir fəaliyyətimizdə , digər insanlarla sevgi-hörmət əsaslı bir ünsiyyət qurduğumuzda bədənimizdə miqdarı artan hormonun adıdır, oksitossin. Və bu miqdar artanda bədənimizdə bir neçə proses baş verir.

1. Həyəcan duyğumuz azalır. 2. Xərçəngdən infeksiyalara qədər hər şeylə mübarizəmiz asanlaşır. 3.Bədənin ən önəmli problemi olan iltihab reaksiyalarını nizamlayır. 4.Ətrafımızdaki insanlara güvənməymizi təmin edir. Beləliklə, sosial bərabərlik içində fəaliyyətimizi təmin edir oksitossin.

 

Bu il dünyamıza və ölkəmizə çətin gəldi, ağır başladı, çox həyəcan keçirdik, ünsiyyətsiz qaldıq, maddi- mənəvi acılar yaşadıq. Şəhidlərimiz, yarım qalan həyatlar, itkilərimiz ürəyimizi dağladı. Amma indi sona yaxın, ölkəmizdə yaşananlar hər şeyi dəyişdi. Bizi dəyişdi xalq olaraq. Yenidən doğulduq, bizdən ötə biz varmışıq, bunun fərqinə vardıq. Biz bir ola bildik, bir-birimizə, Vətənimizə dəstək olduq.  Ali Baş Komandımız tarix yazdı! Milli qüruru oyandırdı. Hamı bacardığı qədər, yox bacardığından artığını edə bildi birlik olunca. Ey oksitossin, sən nələrə qadirmişsən. Şuşa! Qarabağ! Doğumun mübarək Vətənim! Gözəl böyü, inkişaf et Azərbaycanım mənim!

 

Sevgilərlə, Sizin Nigar Sədiyeva - Pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR