BLOQ

Kabusa çevrilmiş buzlu şüşə mənzərəsi: Təlaşa düşməyə əsas varmı?

date 6 İyul 2020

Kabusa çevrilmiş buzlu şüşə mənzərəsi: Təlaşa düşməyə əsas varmı?

Koronavirus - COVID-19 xəstələrində yaranan dəyişikliklərdən biri də ağciyərlərin radioloji müayinəsi zamanı buzlu şüşə görüntüsünün ortaya çıxması hesab olunur. Və artıq çoxları "buzlu şüşə"ni məhz bu xəstəliyin əlaməti kimi dəyərləndirir. Əslində buzlu şüşə nə deməkdir? Hansı xəstəliklərdə müayinə zamanı bu hal müşahidə olunur? 

e-tibb.az bununla bağlı radioloq, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanovanın məqaləsini təqdim edir:

 

Bu gün, pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var-buzlu şüşə mənzərəsi. Bəzən pasientlər onu “buz kristalı”, “buz parçası”, “kristal şəkli” kimi də adlandırırlar. Bu görüntü əvvəlcə səslənməsi ilə insanlarda sanki bir təlaş yaradır. Amma öncə demək istəyirəm ki, buzlu şüşə görüntüsü bəzən normal hallarda da radioloji görüntülərdə izlənilə bilər. Məsələn, ən bəsit halda, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəs vermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla buzlu şüşə görüntüsü verə bilər.

Buzlu şüşə görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Normalda şəffaf havalı görəcəyimiz ağciyərdə yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür və buzlu şüşə effekti yaranır. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır, xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir.
Son zamanlar ən cox verilən sual isə belədir- Buzlu şüşə görüntüsü indiyədək mövcud deyildi, ya yalnız COVİD xəstəliyi üçün xasdır?

Konkret cavab: Bu görüntü yalnız COVİD xəstəliyi üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Təqdim etliyim şəkildə bu xəstəliklərin bəzilərinin sıralanması göstərilb. Lakin uygun kliniki-laborator əlamətlərlə pandemiya dönəmində bu görüntü izlənilərsə, diaqnostik proses COVİD xəstəliyi lehinə dəyərləndiriləcəkdir.

Qeyd etmək istəyirəm ki, bu görüntü döş qəfəsinin rentgenoqrafiya və Kompüter Tomoqrafiya (KT) müayinələrində aşkar edilir. Rentgenoqrafiya müayinəsinin buzlu şüşə görüntüsünün aşkar edilməsində həssaslığının aşağı olması səbəbindən, COVİD pnevmoniyasının 1-4-cü günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Rentgenoqramın normal olması pnevmoniya yoxdur demək deyildir. KT müayinəsində görülməsi daha spesifikdir (şəkildə eyni xəstənin rentgenoqrafiya və KT müayinələrində buzlu şüşə görüntüsünün təsviri verilmişdir).

Calışdım ki, konkret olaraq yalnız həkimlər ücün deyil, hamı üçün faydalı olacaq bir məlumat hazırlayım. Maarifləndirmə, təbliğat çox önəmlidir. Həm də panika və stress yaratmadan əsaslandırılmış təbliğat!

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR