XƏBƏR

Qışda kökəlməmək üçün nə etmək lazımdır?

date 17 Dekabr 2019

Qışda kökəlməmək üçün nə etmək lazımdır?

Qış aylarında çəkinin daha çox artması ümumi olaraq müaşhidə olunan haldır.  Əksəriyyətin qarşılaşdığı bu problem daha çox açıq havada az vaxt keçirmək, daha az hərəkət etməklə əlaqələndirilir.

e-tibb.az xəbər verir ki, Türkiyədən olan dietoloqlar da birmənalı olaraq qışda çəkinin artmasını ilk növbədə hərəkətsizlik, daha çox oturaq həyat tərzi ilə bağlayırlar.

Bununla yanaşı bildirilir ki, qışda günün qısa olması depressiya hallarını artır, bu da öz növbəsində çox qida qəbuluna sövq edir, artıq çəki problemi yaradır.

Belə olan halda nə etmək lazımdır? Qışda çəkinin artmaması üçün hansı tədbilər görülməlidir?

Mütəxəssislər qış aylarında karbohidrat-şəkərli qidalar, şokolad, un, biskvit məmulatları, xəmir yeməklərindən imtina etməyi tövsiyə edirlər. Onlar hesab edir ki, tam olmasa da bu qidaların qəbulunu minimuma endirmək lazımdır.

Onlardan imtina etmək üçün 1-2 stəkan su içməklə yemək istəyini aradan qaldırmaq tövsiyə olunur.

İstək bununla da aradan qalxmırsa, az miqdarda qoz, fındıq, badam, fıstıq, balqabaq tumu yemək məsləhət görülür.

Qış aylarında susama hissi azalsa belə, orqanizmin suya ehtiyacı qalır. Ona görə də gündəlik 8-10 stəkan su içmək lazımdır. Bu, metabolizm prosesini sürətləndirir, beləliklə artıq çəki yaranmasının qarşısını alır.

Havalar soyuq olsa belə, mütləq açıq havada gəzmək lazımdır. Hər gün də olmasa, heç olmasa həftənin 3 günündə yarım saat gəzmək vacib sayılır.

Bununla yanaşı evdə də idman hərəkətləri edilməlidir.

Lift əvəzinə pilləkənlərlə qalxıb-enmək, eləcə də eskalatorlarda gözləmək əvəzinə hərəkətli olmaq lazımdır.

Mütəxəssislər, qışda səhər yeməyini qaçırmamağı çox vacib sayırlar. Yeməmək və ya səhər yeməyində xəmirdən hazırlanan qidalar qəbul etmək qarşıdakı saatlarda qan şəkərinin düşməsinə səbəb olur, bunun sayəsində isə daha çox aclıq hissi yaranır, karbohidratlı qidalara meyli artırır. Bu isə artıq çəkiyə yol açır.

Bildirilir ki, gün ərzində hansısa yeməyi ötürmək olmaz. Arada yemək yeməmək axşam saatlarında çox yemək zərurəti yaradır, çəkinin sürətlə artmasına səbəb olur. Ona görə də gün ərzində uzun zaman tox saxlayan liflə zəngin tərəvəzlər, meyvələrə üstünlük vermək tövsiyə edilir.

Bundan başqa, qışda günün qısalması, havaların soyuması, Günəşli günlərin azalması D vitamini çatışmazlığına səbəb olur. Nə qədər D vitamini ilə zəngin qidalar qəbul olunsa da bu, gündəlik D vitamini ehtiyaclarını ödəmir. Orqanizm gündəlik olaraq Günəşdən D vitamini qəbul etməyə ehtiyac duyur. Ona görə də Günəşli hava olan kimi bundan yararlanmaq lazımdır.  

Son araşdırmalara görə, D vitamini çatışmazlığı bütün xroniki xəstəliklərin riskini artırır və bu artıq çəki ilə mübarizəni çətinləşdirir. Ona görə də mütəxəssislər həm ümumi sağlamlıq, həm də artıq çəki probleminin yaranmaması üçün D vitamini səviyyəsini daim nəzarətdə saxlamağı, müayinə olunmağı tövsiyə edilər.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR