XƏBƏR

Qadınları xərçəngdən qoruyan müayinə: Erkən diaqnoz həyat qurtarır-Ginekoloq RƏYİ

date 22 Aprel 2020

Qadınları xərçəngdən qoruyan müayinə: Erkən diaqnoz həyat qurtarır-Ginekoloq RƏYİ

Qadınlar arasında ən çox rast gəlinən ginekoloji, onkoloji problemlərdən biri uşaqlıq boynu xərçəngidir. Vaxtında aşkarlanmadığı halda bu onkoloji problem ölümə səbəb olur. Halbuki dünyada ən çox ölümə səbəb olan onkoloji xəstəliyiklərdən birinin qarşısını vaxtında aparılan Pap Smear (pap test) müayinəsi ilə almaq olar. Bu müayinə necə aparılır? Qadınlar bu müayinədən nə zaman keçməlidir?

Mama-ginekoloq Şölə Əkbərova e-tibb.az üçün məqaləsində Pap-Smear müayinəsi barədə ətraflı məlumat verib:

Qadın sağlamlığının təmin edilməsi üçün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri tərəfindən müxtəlif önləyici (profilaktik) müayinə və prosedurlar istifadə olunmaqdadır. Bunlardan biri olan və əsasən xərçəngönü patologiyaların erkən diaqnostikasını təmin edən müayinə-Pap Smear testidir.

Pap Smear (pap test) nədir? Kimlər bu müayinəyə cəlb olunmalıdırlar?

Test, öz adını yunan alimi Qiorqios Papanikolaunun şərəfinə almışdır. Məqsəd-uşaqlıq yolu və boynunun xərçəngönü və xərçəng xəstəliklərinin diaqnostikasıdır. Uşaqlıq boynu xərçəngi, inkişaf etməkdə olan ölkələrin qadınları arasında onkoloji səbəbdən ölüm sayına görə üçüncü yerdə durur. Halbuki, ABŞ kimi inkişaf etmiş ölkələrdə bu patologiyaya daha az rast gəlinir. Səbəb-qadınların mütəmadi olaraq pap test müayinəsindən keçməsi və erkən diaqnostika nəticəsində, düzgün müalicənin aparılmasıdır.

Testin mahiyyəti, xüsusi fırça vasitəsilə uşaqlıq boynunun transformasiya zonası adlanan bölgəsindən sürüntünün (yaxma) götürülməsi ilə sitoloji müayinəsidir. Məhz buna görə də, pap testə -uşaqlıq boynunun sitoloji yaxması da deyilir. Bu müayinədən-cinsi həyata başlamış, yaşı 21-dən yuxarı olan xanımlar ildə bir dəfə keçməlidirlər. Nəzərə alsaq ki, uşaqlıq boynu xərçənginin yaranmasında İnsan Pappiloma Virusu (HPV) böyük rol oynayır, bu səbəbdən müayinə zamanı Pap test ilə yanaşı HPV-nin müayinəsi və təhlükəli ştammlarının təyini, nəticəni daha da informativ edir. Üç il ərzində aparılmış Pap test və HPV müayinəsi neqativ olursa, müayinəni 2-3 ildən bir aparmaq olar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, menopauza dövründə olan və ya hər hansı bir səbəbdən histeroektomiya (uşaqlığın alınması) əməliyyatına məruz qalmış, lakin uşaqlıq boynu saxlanılmış qadınlar da Pap test müayinəsindən keçməlidirlər. 

Eyni zamanda Pap testə tabe tutulmayan kontingentdə var ki, bu-uşaqlıq boynu ilə birgə uşaqlığı əməliyyat yolu ilə götürülmüş və daha öncəki Pap test müayinələrinin nəticəsi neqativ olan, yaşı 65-dən yuxarı qadınlardır.

Xərçəngönü və xərçəng xəstəliklərinin nə qədər həyati təhlükəli olduğunu və müalicədən sonra belə bir qism xanımların sağlamlığında xoş olmayan iz buraxdığını ifadə etmək artıq olardı. Təbliğata baxmayaraq, bəhs etdiyim və dünya praktikasında geniş yayılmış bu test cəmiyyətimizin qadın kütləsi tərəfindən hələ də birmənalı qarşılanmır. Təcrübəyə əsasən, müraciət edən pasientlərimin əksəriyyəti bu müayinədən xəbərsizdir, xəbəri olanların bir qismi isə nəticədən qorxduqları üçün müayinədən yayınmağa çalışırlar. Halbuki erkən qoyulmuş diaqnoz şübhələrdan yayınmaqla bərabər, düzgün müalicə taktikasının seçilməsinə birbaşa vasitəçidir.

Unutmayaq, profilaktik, sadə bir müayinə həyatımızı xilas edə bilər!

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR