XƏBƏR

Qadınlar ən çox bu estetik əməliyyatları etdirir - Cərrah AÇIQLAYIB

date 13 Sentyabr 2019

Qadınlar ən çox bu estetik əməliyyatları etdirir - Cərrah AÇIQLAYIB

“Qadınlar əsasən üz estetikasına diqqət yetirirlər. Xanımlarda ən çox aparılan əməliyyatlar sırasında bədən quruluşunun şəkilləndirilməsi, sifətin gəncləşdirilməsi, sallanmış göz qapağının və göz altında əmələ gələn torbaların aradan qaldırılması ilə bağlı olur”.

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev deyib. Onun sözlərinə görə, belə əməliyyatlarda dərialtı toxumalar çıxarılır, dəriyə estetik görünüş verilir: “Bəzən qadınlar dodaqlara gel və sintetik polimerlər vururlar və bu əməliyyatın nəticəsi uğursuz olur. Bu zaman biz dodaqları əvvəlki vəziyyətinə qaytarırıq”.

Həkim bildirib ki, gənc xanımlar əməliyyat yolu ilə süd vəzilərini böyütmə üsuluna da əl atırlar. Bir neçə doğuş keçirmiş qadınlar abdominoplastikadan və arıqladıqdan sonra qolların ətrafında əmələ gələn sallaqlığın aradan qaldırılması ilə bağlı müraciət edirlər.

Qeyd olunub ki, bu günlərdə Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə göz altında əmələ gələn torbanın dartılması, göz üstündə dəri sallanmasının aradan qaldırılması və göz yırtığının bərpası məqsədi ilə 54 yaşlı pasiyent müraciət edib. M.Abdullayevin rəhbərliyi ilə xanım pasiyentin gözündə estetik əməliyyat aparılıb.

Şöbə müdirinin bildirdiyinə gərə, uğurla başa çatan əməliyyatdan sonra xəstə özünü normal hiss edir və pasiyentin göz ətrafı quruluşuna estetik görünüş verilib: “Klinikada bu cür əməliyyatlar çox olur. Bu əməliyyatı indiyədək icra etdiyimiz onlarla uğurlu əməliyyatlardan biri hesab etmək olar. Şöbəmizdə kişilərdə ginenokamastiya, blefaroplastika, liposaksiya və s. əməliyyatlar icra olunur”.

M.Abdullayev şöbədə, həmçinin şəlpəqulaqlığın aradan qaldırılması, bədəndə olan, məsləhət görülən xalların estetik əməliyyat edildiyini, saçların əkilməsi imkanlarının olduğunu bildirib.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR