XƏBƏR

Psixiatr: “Bəzən bu xəstələrə ürəklərində heç bir problem olmadığı halda müalicə təyin olunur”

date 15 Aprel 2019

Psixiatr: “Bəzən bu xəstələrə ürəklərində heç bir problem olmadığı halda müalicə təyin olunur”

Xəstəxanalara ürək problemləri ilə yaxınlaşanların 15-20 faizi panik atak keçirənlərdir.

Bunu psixiatr, uzman həkim Azər Bağırov bildirib. 

E-tibb.az həmin məqaləni təqdim edir:

Panik atak anidən başlayan güclü nigarançılıq hissi və qorxu tutmasıdır. Bu nigarançılıq və qorxu hissi 10 dəqiqə içində artaraq ən üst nöqtəyə vurur, sonra tədricən azalmağa başlayır, sonunda yoxa çıxır.

Panik atak sırasında çox şiddətli hisslər yaşaya bilərik. Bəzən bir çoxlarımızın yaşadığı və çox sıxıntı verən panik atak, həyatımızın keyfiyyətini ciddi şəkildə zədələyir. Panik atakı olan insan evə qapanacaq bir hala gəlir, marketə, bazara getməyə, avtobusa təkbaşına minməyə qorxur, atak anında ona heç kimin kömək edə bilməyəcəyini düşünərək, tək qalmaqdan belə çəkinir və bu səbəbdən hər an yanında birinin olmasını tələb edir.

Panik atak özünü necə göstərir?

Ürək döyüntüsü

Boğulma hissi

Keyimə, tikan batmalar

Titrəmə, tərləmə, tər tökmə hissi

Ciddi xəstəlik keçirmə ya da ölüm qorxusu

Panik atak anında insan iflic, beyin qanaması və ya infarkt keçirdiyini fikirləşə bilər. O anda ürəyinin gedəcəyini, kontrolunu itirəcəyini, özündən çıxacağını düşünüb çox qorxur. İnfarkt keçirdiklərini düşünən panik atak xəstələri çox vaxt tutma anında təcili tibbi yardıma müraciət edir və ya xəstəxanaya gəlirlər. Çünki böyük panik təsiri altında həqiqətən də infarkt keçirdiklərini düşünürlər və heç də asanlıqla təskinlik tapmırlar. Müayinələr aparıldıqdan sonra panik atak keçirən xəstənin ürəyində bir problem olmadığı aşkarlanır. Xəstəxanalara ürək problemləri ilə yaxınlaşan xəstələrin 15-20%-i panik atak keçirənlərdir. Hətta bəzən panik atak xəstələrinə ürəklərində heç bir problem olmadığı halda belə bu yöndə hər hansı müalicələr təyin olunur. Bu da xəstənin sağlamlığı üçün təhlükəlidir. Bu səbəbdən yuxarıda göstərilən əlamətləri yaşayan insanları mütləq mütəxəssis psixiatrla görüşdürmək lazımdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR