XƏBƏR

Psixi pozuntuların sayı artmağa başlayıb-Psixiatrdan XƏBƏRDARLIQ

date 14 İyul 2020

Psixi pozuntuların sayı artmağa başlayıb-Psixiatrdan XƏBƏRDARLIQ

"Məlumdur ki, COVİD-19 pandemiyası ilk növbədə insanların psixikasına və psixoloji durumuna təsir göstərir. Bizə müraciət edən pasiyentlər daha çox əhval-ruhiyyənin aşağı olması, həyəcan, təşviş, yuxu və qida pozuntularından şikayətlənirlər".

e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrasının professoru Zəfər Əliyev ATU mətbuat xidmətinə müsahibəsində bildirib. Onun sözlərinə görə, vəziyyət kifayət qədər gərgindir: "Son aylar, bütün dünyadakı kimi, bəzi psixi pozuntuların sayı artmağa başlayıb. Depressiya, təşviş və obsessiv-kompulsiv pozuntuları daha çox nəzərə çarpır".

Son dövrlərdə psixiatrlara müraciət edənlərin çoxaldığını da vurğulayan Z.Əliyev təəssüflə qeyd edib ki, bəzən başqa ixtisaslı həkimlər (nevroloqlar, terapevtlər, ginekoloqlar və s.), hətta tibbi təhsili olmayan psixoloqlar bu vəziyyətdən sui-istifadə edirlər: "Məşhur televiziya verilişlərində qeyri psixiatrlar bütün psixi pozuntuları "müalicə edirlər" və təminat verərək pasiyentləri pis durumda buraxırlar. Onlar maddi və mənəvi zərbələr alırlar. Təsəvvür edin, bəzi psixoloqlar ağır psixi xəstəlikləri dərmansız "müalicə" etməyə söz verirlər. Nəticədə psixiatrların yardım etmək imkanları həddindən artıq daralır".

Pasiyentlərin daha çox əhval-ruhiyyənin aşağı olması, həyəcan, təşviş, yuxu və qida pozuntularından şikayətləndiklərini söyləyən mütəxəssis karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması, insanların həftəsonu evə qapadılmasının mənfi təsirlərini aradan qaldırmaq üçün tövsiyələrini də bölüşüb: "Karantin rejiminin tətbiqi zamanı sərtləşdirmənin və həftəsonu qapadılmanın əleyhinəyəm. İnsanlar daha çox gün işığında olmalıdırlar. Çünki vitamin D-nin bəzi psixi pozuntularda, xüsusilə depressiyada rolu var. Mən hələ bu vitaminin immuniteti möhkəmləndirməkdə güclü rolunu demirəm. Hazırda müraciət edən pasiyentlərin müayinəsi zamanı məlum olur ki, onlarda 80-90% halda vitamin D çox aşağı səviyyədədir. Nə qədər ki, yay qurtarmayıb, bu şansdan istifadə etmək lazımdır. Çünki payızda depressiyaların artması ehtimalı yüksəkdir. Ona görə də vaxtında psixiatrlara müraciət olunmalıdır. Maska taxmaq, fiziki məsafə saxlamaq və təmizliyə riayət etməyə hüquq-mühafizə orqanlarının nəzarəti gücləndirilməlidir".

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR