XƏBƏR

Professordan yüksək təzyiq xəstələrinə tövsiyə: Rəqs edin...

date 4 Avqust 2020

Professordan yüksək təzyiq xəstələrinə tövsiyə: Rəqs edin...

Yüksək təzyiq dünyada ən ciddi sağlamlıq problemlərindən biridir. Bu xəstəliyin müalicəsində həyat tərzi çox önəmli yer tutur.

E-tibb.az xəbər verir ki, bunu ABŞ-ın Texas Texniki Universitetinin Tibb Fakültəsinin Nefrologiya və Hipertoniya Bölməsinin müdiri, professor Meryem Tuncel Anadolu Agentliyinə açıqlamasında deyib. O, hipertoniya xəstələrinə ağırlıq qaldırma, qaçış kimi idmanlar istisna olmaqla, gündə orta hesabla 30-45 dəqiqə idman etməyi, piyada gəzməyi, bunu vərdiş halına çevirməyi, gəzərkən tənginəfəs olmadan danışmağı məsləhət görüb.

Professor hipertoniya xəstələrinə stresdən uzaq qalmağı, bunun üçün rəqs etməyi tövsiyə edib. Həkim ABŞ-da çalışdığı klinikada ağır vəziyyətdə olan yüksək təzyiq xəstələrini belə müalicə etdiklərini söyləyib. Yüksək təzyiq yaranmasında stressin böyük rolunun olduğunu deyən professor bu xəstələrin stresi azaldan fəaliyyətlərə daha çox diqqət etmələrinin lazım olduğunu söyləyib. O, yüksək qan təzyiqi xəstələrinə həm idman etmək, həm də psixikanı yaxşılaşdırmaq üçün ən yaxşı seçim kimi rəqs etməyi tövsiyə edib. Həkim bildirib ki, rəqs edərkən insanlar şən musiqinin təsirindən xoş ovqatda olurlar: “Bütün bunlar beyində tənzimlənir. Musiqi və rəqs, beyni rahatlatmaq və insanı xoşbəxt etmək üçün çox vacibdir. Rəqs elə bir idmandır ki, adam bunu edərkən özünü xoşbəxt hiss edir. Həm də bunu hər kəs təkbaşına edə bilir. Evdə şən bir musiqi seçib, başqasına ehtiyac olmadan bunu edə bilər”.

Meryem Tuncel, həmçinin deyib ki, artıq çəki bütün xəstəliklər, o cümlədən hipertonya üçün risklidir. Ona görə də çəkini normada saxlamaq lazımdır. Xəstələrə daha az duz və bitki mənşəli məhsullardan istifadə etməyi tövsiyə edən mütəxəssis “Ət yeməyin deyə bilmərəm, çünki ət yeməmək stres yaradırsa, arada ət yemək lazımdır. Amma qidalanmada tərəvəzlər üstünlük təşkil etməlidir"-, deyə bildirib. O, tərəvəzləri çox bişirməməyin, salat kimi, ya da duzsuz buxarda azacıq bişmiş şəkildə yeməyin daha faydalı olduğunu deyib.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR