MÜSAHIBƏ

Professor Əlizamin Sadıqov: “Azərbaycanda qadınlar arasından siqaret çəkənlərin sayı artır”

date 25 İyun 2019

Professor Əlizamin Sadıqov: “Azərbaycanda qadınlar arasından siqaret çəkənlərin sayı artır”

“Bütün xərçəng ölümlərinin 20 faizi ağ ciyər xərçənginin payına düşür”

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiri, professor Əlizamin Sadıqovun e-tibb.az-a müsahibəsi

- Hazırda Azərbaycanda siqaretlə mübarizə hansı səviyyədədir?

- Bu gün Azərbaycanda siqaretlə mübarizənin səviyyəsi qənaətbəxş deyil. Təbii ki, ictimai yerlərdə tütün məmulatlarından istifadə barəsində Milli Məclis qanun qəbul edib. Amma bunun necə yerinə yetirilməsi mənə məlum deyil. Düşünürəm ki, böyük problemlər var, qaydalar mükəmməl işləmir. Siqaretlə bağlı mübarizə məsələsində çox da ciddi tədbirlər görülmür. Ən azından önəmli mübarizə tədbirlərimiz yoxdur. Bundan başqa siqaretə qarşı maarifləndirmə işləri az aparılır.

- Azərbaycanda son illərdə siqaret çəkənlərin sayında hansı dəyişikliklər müşahidə olunur?

- Mənə elə gəlir son illərdə Azərbaycanda siqaret çəkənlərin sayı nisbətən azalıb. Bu mənim şəxsi qənaətimdir. Həm də bu barədə yüz faizlik fikir yürütmək indiki halda bir qədər çətindir. Çünki əgər biz bu gün siqaret çəkməni dayandırırıqsa, onun effektivliyini cəmiyyətdə ən azı 10-20 il sonra görə bilərik. O baxımdan ki, siqaret çəkilməsi nəticəsində yaranan xəstəliklərin sayı azalacaq, ölüm sayında azalmalar müşahidə olunacaq. Yəni bunu indi qiymətləndirə bilmərik. Amma mən düşünürəm ki, ən azından cavan və orta yaşlı nəslin nümayəndələri siqareti atmağa daha meyllidir. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, azalma var.

- Qadınlar arasında necə, artım, yoxsa azalma var?

- Əksinə. Sizə deyim ki, qadınlar arasından siqaret çəkənlərin sayı artır. Əgər dünyada son illərdə qadınlar arasında nisbətən zəif də olsa siqaret çəkmə əmsalı azalırsa, Azərbaycanda bunun əksidir, artır. 20-30 il əvvəl Azərbaycanda qadınlar bu qədər siqaret çəkmirdilər, indi daha intensiv çəkirlər. Qadının siqaret çəkməyi yolverilməzdir. Ən azından o səbəbdən ki, onların sağlamlığında böyük problemlər yaradacaq. Nəinki onların sağlamlığında, gələcək nəsillərin saytını artıran şəxs kimi onlarda yaranan problemlər doğulan uşaqlara da təsir edəcək. Ona görə də düşünürəm ki, qadınların siqaret çəkməsi yolverilməzdir.

- Son illər qəlyan verilən kafe və restoranlar da çoxalıb...

- Bu yaxşı hal deyil. Qəlyandan bir dəfə istifadə eləmək ən azı 15 siqaret çəkməyə bərabərdir. Görün qəlyanın nə qədər böyük zərəri var. O səbəbdən mən qəlyan çəkməyi təhlükəli hesab edirəm.

- Son illərdə ağ ciyər xərçəngindən əziyyət çəkənlərin sayının da artdığı bildirilir. Sizcə, belədirmi? 

- Təbii ki, son illərdə nəinki bizdə, hətta dünyada ağ ciyər xərçəngindən əziyyət çəkənlərin sayı həddən artıq çoxdur. Dünyada bütün xərçəng ölümlərinin 20 faizi ağ ciyər xərçənginin payına düşür. Yəni xərçəngdən ölümlərin içində əsas yeri ağ ciyər xərçəngi tutur.

- Daha çox hansı regionlarda ağ ciyər xərçənginə təsadüf olunur?

- Daha çox Bakıda yaşayanlarda müşahidə edilir.

- Yəqin bunda ekoloji amilin də rolu az deyil?

- Əlbəttə, ekoloji amil də böyük rol oynayır. Bakıda avtomobillərin çoxluğu, bir yandan da tütün tüstüsü və bu iki zərərli amilin summarsiyası təbii ki, nəticədə ağ ciyər xəstəliklərinin, eləcə də ağ ciyər xərçənginin artmasına səbəb olur.

- Ağ ciyər xərçənginin müalicəsi nə dərəcədə effektivdir?

- Erkən mərhələdə əməliyyatla radikal müdaxilə mümkündür, amma gecikmiş mərhələdə müalicəsi çətinləşir. Əfsuslar olsun ki, bu gün diaqnostikada mükəmməllik yoxdur. Belə xəstələr çox gec mərhələdə həkimlərə müraciət edirlər. Artıq xəstəlik beyinə, qaraciyərə və sair metastaz vermiş olur. O səbəbdən radikal müalicə mümkün olmur, yalnız yardımçı müalicə etmək mümkündür. Təəssüf ki, belə xəstələrin ömrü adətən qısa olur.

- Həkim müdaxiləsi olmadan siqareti tərgitmək mümkündürmü?

- Təbii ki, mümkündür. Bunda ailənin, dostların, yaxınların dəstəyi də böyük rol oynayır. Sonda təbii ki, həkim də yardım edə bilər. Bayaq dediyim kimi, maarifləndirmə çox vacibdir. Hər şeyi iradənin üstünə atmaq olmaz. Çünki siqaret qlobal problemdir. Mən onun tərəfdarı deyiləm ki, iradəsi olan hər kəs siqareti ata bilər. Siqaret narkotik asılılığı kimi bir şeydir, ona mütləq kənar dəstək olmalıdır, ailənin, dostların, dəstəyi vacibdir. Hətta lazım gələrsə medikamentoz müalicəyə də keçmək olar. Yaxşı olar ki, siqaret çəkən insanlar əlamətdar günlərdə, məsələn doğum günündə siqareti dayandırmağı seçsinlər. Bu özü də əlavə motivasiya yaradır.

- Belə bir fikir də var ki, siqareti birdəfəlik atmaq demək olar ki, mümkün deyil...

- Mümkündür. Siqareti dayandıranlarda ilk 4-7 gün ərzində müəyyən çətinlik yaşana bilər. Sonra hər şey qaydasına düşür.

- Bəzən siqaretin hansısa xəstəliklərə faydası olduğu barədə də fikirlər söylənilir. Bu fikirlərdə həqiqət payı nə qədərdir?

- Siqaretin heç nəyə faydası yoxdur. Bəzən belə bəhanələr gətirirlər ki, siqareti tərgitdim, dişlərim töküldü, çəkim artdı və sair. Mən bunlarla razı deyiləm. Çəki artırsa, az yeməlisən, daha çox fiziki iş görməlisən. Yəni çəkinin artmasının qarşısını almağın ən müxtəlif yolları var. Statistika da onu göstərir ki, siqareti atan adamın çəkisi uzağı 2 kiloqram arta bilər.

- Siqaret asılılığı xəstəlik kimi qəbul edilir?

- Bəli, tütündən asılılıq artıq xəstəlik kimi qəbul olunub. Necə ki, narkomaniya xəstəlikdir, eləcə də tabokamaniya da xəstəlikdir. Çünki siqareti atmaq ağrılı bir prosesdir. Ondan uzaqlaşmaq təbii ki, mümkündür, amma bunun üçün cəmiyyətin dəstəyi mütləq vacibdir. Siqareti atmaq istəyənlərə dəstək olmaq, onları ruhlandırmaq gərəkdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR