BLOQ

Pnevmoniya kimlər üçün təhlükəlidir?

date 19 Fevral 2020

Pnevmoniya kimlər üçün təhlükəlidir?

Pnevmoniya (sətəlcəm) ağciyər toxumasının iltihabi xəstəliyidir. Pnevmoniya uşaqlar, yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli xəstəlikdir. Ümumdünya Səhiyyə təşkilatının məlumatına əsasən, dünyada 5 yaşadək uşaqların ölüm səbəblərinin 15%-i pnevmoniyaların payına düşür. Belə ki, hər il dünyada 800 000-dən çox 5 yaşadək uşaq pnevmoniyadan dünyasını dəyişir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və  təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından  (qrip)  sonra inkişaf edir. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupları aşağıdakılardır:

Kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər

Şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olan şəxslər

Orqanizmin immun sistemini zəiflədən preparatları (məs. hormonal preparatlar) qəbul edən şəxslər

Ağır cərrahi əməliyyat (məs. orqan köçürülməsi, açıq ürək əməliyyatı və s.) keçirən şəxslər

Zərərli vərdişləri (siqaret, alkoqol qəbulu) olan şəxslər və s.

Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlif ola bilər:

Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb ola bilər. Bakterial pnevmoniyalar həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. Bakterial pnevmoniyanın əlamətləri bunlardır:  titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, təngnəfəslik, öskürək, yaşıl və ya sarı bəlğəm ifrazı.

Qeyd etmək lazımdır ki, pnevmoniya ilə xəstələnməyə görə yüksək risk qrupuna daxil olan uşaqlar, yaşlı və immun sistemi zəif xəstələrdə əlamətlər fərqli ola bilər. Hətta bəzi hallarda temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər. Bakterial pnevmoniyalar zamanı adətən ağciyərin ancaq bir payı zədələnir ki, buna da lobar pnevmoniya deyilir. Antibiotiklərlə bakterial pnevmoniyaların müalicə edilməsinə baxmayaraq, bəzi antibiotiklərə davamlı bakterial pnevmoniyalar müalicədə problem yaradır.   

Pnevmoniyaların təxminən yarısı viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəyməyə bənzər simptomlarla başlayır. Adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi simptomlara rast gəlinir. Xəstəlik inkişaf etdikcə təngnəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəm ifrazı ilə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalarda antibiotiklərlə müalicə effektsizdir. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da qoşula bilər.

Mikoplazmaların  törətdikləri pnevmoniyalar həm bakterial, həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Mikoplazma pnevmoniyalara məktəb yaşlı uşaqlar və gənclər arasında daha çox rast gəlinir,  antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər.

Bir sıra göbələk növləri də pnevmoniyaya səbəb ola bilər. Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xroniki pnevmoniyaya keçərək aylarla davam edir.

Pnevmosist pnevmoniyalarına QİÇS olan xəstələrdə daha çox rast gəlinir. İmmun sistemi zəif olan, orqan transplantasiyası, kimyəvi terapiya, kortikosteroidlərlə  və ya digər immun zəiflədici dərmanlarla müalicə alan xəstələr də pnevmosist pnevmoniyaları ilə xəstələnməyə görə risk qrupuna aiddirlər. Pnevmosist pnevmoniyaları zamanı ən çox müşahidə edilən əlamətlər: uzun sürən öskürək, qızdırma və təngnəfəslikdir.

Xüsusilə risk qrupuna aid olan və immuniteti zəif xəstələr üçün pnevmoniya həyati təhlükəli ola bilər. Ona görə də kimdəsə öskürək, təngnəfəslik, sinədə ağrı, qızdırma olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Pnevmoniya vaxtında diaqnoz qoyulub, doğru müalicə olunmazsa, ağırlaşmalar inkişaf edə bilər ki, bu da həyati təhlükəli ola bilər. Pnevmoniyanın müalicəsi ixtisaslı mütəxəssis tərəfindən, törədicinin növünə və ona qarşı dərmanlara həssaslığa müvafiq kompleks olaraq aparılmalıdır.

Rafiq Bayramov - Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR