XƏBƏR

Perekislə qarqara viruslardan qoruyur? - Həkimdən AÇIQLAMA

date 12 Mart 2020

Perekislə qarqara viruslardan qoruyur? - Həkimdən AÇIQLAMA

Əksər insanlar koronavirusa yoluxmamaq üçün hansı tədbirləri görməyin lazım olduğu ilə maraqlanır. Təəssüf ki, bununla bağlı spesifik profilaktik tədbir, eləcə də spesifik müalicə vasitələri yoxdur. Ona görə də məcburuq ki, sadəcə, ümumi profilaktik tədbirlər görməklə yoluxmanın qarşısını alaq.

Bunu e-tibb.az-a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının rezidenti, həkim Adil Əliyev bildirib: “Sadə dildə desək, düşmənlə-virusla mübarizə aparmaq üçün silahımız yoxdur. Lakin düşməndən uzaq durmaq, təmasa keçməmək hazırkı vəziyyətdə tək çıxış yolumuzdur. Həmçinin immun stimuləedici preparatlar, immuniteti gücləndirən bir sıra təbii məhsullarla qidalanmaq məqsədəuyğundur. Burada söhbət vitamin mənbəyi olan limon, portağal, soğan, sarımsaq kimi təbii məhsullardan gedir. Bu mənada, xüsusilə, zəncəfili qeyd etmək istəyirəm. İnternetdə araşdırma aparsanız, o bitkinin faydaları barədə geniş məlumat toplamaq olar. Yuxarıda "düşmənə" qarşı spesifik silahımız yoxdur deyə qeyd etdim. Lakin hər kəsdə olan bir “silah” var ki, o da immun sistemimizdir. İmmunitet düşmənlərə qarşı mübarizə aparan mürəkkəb bir sistemdir ki, orqanizm düşmənlə təmasda olan kimi immun sistemi səfərbər olaraq mübarizə aparır. Lakin immunitet hər kəsdə eyni gücdə deyil. Belə ki, cavan şəxslərdə immun sistemi yaşlılara nisbətən daha güclüdür. Ona görə də koronavirusla yoluxan yaşlılar xəstəliyi daha ağır keçirir. Hətta onlarda xəstəlik ölümə səbəb olur”.

Həkim qeyd edib ki, ümumilikdə xəstəlik qrip və başqa tənəffüs infeksiyaları ilə oxşar əlamətlərə malikdir. Belə ki, bu virusa yoluxma zamanı quru öskürək və 38 dərəcədən yuxarı temperatur və s. əlamətlər müşahidə olunur.

Mütəxəssis, viruslardan qorunmaq üçün əl-üzün mütəmadi sabunla yuyulmasını, eləcə də şəxsi gigiyena qaydalarına əməl etməyi vacib saydığını vurğulayıb. Onun sözlərinə görə, təxminən 1 xörək qaşığı 3%-li perekis (Hidrogen peroksid) məhlulunu 1 stəkan ilıq suya əlavə edərək qarqara etmək olar. Amma hər bir halda nəzərə almalıyıq ki, bu kimyəvi maddənin həm də qıcıqlandırıcı təsiri olduğundan ehtiyatlı davranmalı, hətta fərdi şəkildə həkimlə məsləhətləşdikdən sonra istifadə etmək mümkündür: “Hazırda dünya gündəmində olan koronavirusa qarşı spesifik müalicə tədbirləri mövcud olmasa da, virusun xarici mühitdə davamsız olması, eləcə də dezinfeksiyaedici məhlulların təsirindən məhv olması bəllidir. Hazırda ölkəmiz virusa qarşı profilaktik tədbirlər görməkdədir. Həm maarrifləndirmə, həm də dezinfeksiya tədbirlərinin aparılması da bu tədbirlər silsiləsindəndir. İnanırıq ki, ölkəmiz bu sınaqdan da üzüağ şəkildə çıxacaqdır”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR